İtaliyadakı Apennin dağlarının altında eyni vaxtda baş verən gərilmə və sıxılmanın səbəbi müəyyənləşdirilib.

Metbuat.az xəbər verir ki, “Communications Earth & Environment” jurnalında yayımlanan araşdırmada təxminən 1200 kilometr uzunluğunda olan Apenin dağlarında müşahidə edilən ziddiyyətli geoloji hərəkətlər araşdırılıb. Məlumata görə, bu mürəkkəb prosesin əsas səbəbi delaminasiya, yəni yer qabığının aşağı hissəsinin laylar şəklində ayrılmasıdır. Bu proses zamanı yer qabığının daha sıx alt hissəsi litosferdən tədricən ayrılaraq Yer mantiyasına doğru batır. Məlumata görə, araşdırmada peyk məlumatları, GPS ölçmələri, zəlzələ qeydləri və yer qabığı ilə mantiya arasındakı sərhədi göstərən Moho xəritələri bir araya gətirilib. Nəticələr Apenninlərin altında 500 kilometrdən uzun ərazidə Tirren dənizi və Adriatik tərəfdəki Moho sərhədlərinin üst-üstə düşdüyünü göstərib.

Alimlər bu vəziyyəti yer qabığının alt hissəsində baş verən qopmanın izlərindən biri kimi qiymətləndirirlər. GPS məlumatlarına əsasən, dağ sisteminin mərkəzində ildə təxminən 4 millimetrlik genişlənmə və gərilmə müşahidə olunur, kənar hissələrdə isə ildə orta hesabla 2 millimetrlik yaxınlaşma və sıxılma qeydə alınır.

Tədqiqatçıların fikrincə, ağır layların ayrıldığı ərazilərdə yer qabığı yüngülləşərək yüksəlir və genişlənir, ayrılmanın baş vermədiyi sahələr isə batan plitələrin təsiri ilə aşağı doğru çəkilərək sıxılır.