“Dini abidələrin bərpası keçmişə ehtiramın, milli yaddaşa bağlılığın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir”.

Metbuat.az xəbər verir ki, bu sözləri “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

Onun sözlərinə görə, dövlət başçısının sərəncamları ilə ötən il Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahının və Əmircan qəsəbəsindəki İmam məscidinin, bu il isə Gəncə şəhərindəki Şah Abbas məscidinin təmir-bərpası üçün vəsait ayrılıb.

Ramin Məmmədov qeyd edib ki, Pir Həsən ziyarətgahında işlər artıq başa çatdırılıb, İmam məscidində bərpa işləri yekun mərhələyə keçib. Şah Abbas məscidində isə təmir-bərpa işlərinə başlanılıb.

Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq prosesinin mühüm istiqamətlərindən biri də tarixi və dini abidələrin bərpasıdır.

Onun sözlərinə görə, məqsəd yalnız dağıdılmış tikililəri yenidən qurmaq deyil, həm də işğal dövründə məhv edilmiş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrini bərpa etməkdir.

Ramin Məmmədov vurğulayıb ki, tarixi-dini abidələrin bərpası prosesin sonu deyil. Bu abidələrin qorunması və gələcək nəsillərə çatdırılması da mühüm əhəmiyyət daşıyır.

Aynur Abdınova / Metbuat.az