"Formula 1" Azərbaycan Qran-prisi ərəfəsində Bakı xarici turistlərin də üz tutduğu məkanlardan birinə çevrilib. Yarışın atmosferini yerində yaşamaq üçün paytaxta gələnlər arasında artıq Bakı təcrübəsi olan qonaqlar da var.
Hindistandan olan Saroma Srinidhi Metbuat.az-a müsahibəsində "Formula 1" üçün Bakıya artıq üçüncü dəfə gəldiyini deyib.
Onunla qısa müsahibəni təqdim edirik:
- Bakıya ilk dəfədir gəlirsiniz?
- Xeyr, bu mənim Bakıya üçüncü səfərimdir.
- Haradansınız?
- Hindistanın Banqalor şəhərindənəm.
- Bakıya yalnız "Formula 1"i izləmək üçün gəlmisiniz?
- Bəli, yarış üçün gəlmişəm. Bu, F1 üçün Bakıya üçüncü səfərimdir. Mən bu trassı, buradakı insanları və enerjini çox sevirəm. Bura gəlmək üçün möhtəşəm yerdir. Təkcə "Formula 1" deyil, Bakının özünün də çox zəngin mədəniyyəti və irsi var. Qobustana gedə, məbədləri görə bilərsiniz. İçərişəhərdə vaxt keçirməkdən həqiqətən zövq alıram.
- Sizcə, Bakı hansı şəhərə bənzəyir?
- Əslində, Əmman deyərdim.
- Niyə Əmman?
- Məncə, Bakıda həm qədim dünyanın, həm də müasir dünyanın çox gözəl sintezi var. Qədim tikililəri məhv etməyiblər, onları çox gözəl qoruyub saxlayıblar. Əmmanda da eynilə belədir. Gəzərkən birdən qədim bir məkana və ya tarixi abidəyə rast gələ bilərsiniz. Məncə, bu baxımdan iki şəhər bir-birinə bənzəyir.
- Bakıya üçüncü dəfə gəlirsiniz. Azərbaycan dilində bir neçə söz öyrənmisiniz?
- Xeyr, öyrənməmişəm.
- Dilimiz sizə çətin gəlir?
- Bəli, bir az çətindir. Məncə, Hindistan dillərindən çox fərqli səslənir, ona görə tələffüzü bir qədər çətin ola bilər. Amma “Giriş” sözünü bilirəm!
- "Formula 1"də ən sevdiyiniz pilot kimdir?
- Lyuis Hemilton.
- Sizcə, hansı komandanın qalib gəlmə ehtimalı böyükdür?
- Görünüşə görə, yəqin ki, “Mercedes”. Amma mən Lyuisin və “Ferrari”nin qalib gəlməsini çox istəyərdim.