"Formula 1" Azərbaycan Qran-prisi ərəfəsində Bakıya dünyanın müxtəlif ölkələrindən xarici qonaqlar gəlib. Şəhərdə keçirilən yarışa böyük maraq göstərən turistlər həm F-1 həyəcanını yaşamaq, həm də Bakının tarixi və görməli məkanlarını kəşf etmək imkanı əldə edirlər.

Xarici qonaqlardan biri, Mayamidən gələn turist Saşa Davidson Metbuat.az-a müsahibəsində şəhərimizlə bağlı təəssüratlarını bölüşüb:

- Bakını bəyəndiniz?

- Bəli, Bakı çox gözəldir. Burada hər kəsin necə səmimi və mehriban olması məni xoş mənada təəccübləndirdi. Hava fantastikdir. "Formula 1"dən zövq almaq üçün bura çox gözəl məkandır.

- Bakıya ilk dəfədir gəlirsiniz? Yalnız yarışı canlı izləmək üçün?

- Bəli, "Formula 1" üçün Bakıya ilk gəlişimdir. Bir neçə başqa yarışda da olmuşam - Mayami və Budapeştdə. Ona görə də Bakı mütləq siyahımın yuxarı sıralarındadır.

- Sizcə, bu şəhər dünyanın başqa hansı şəhərinə bənzəyir?

- Məncə, Bakı unikaldır. Başqa belə bir yerin olduğunu düşünmürəm. Bəlkə də Sinqapurla müəyyən oxşarlıq var. Çünki orada da küçə yarışı keçirilir. Amma şəhərin ümumi mənzərəsi sadəcə fantastikdir. Çox gözəldir.

- Növbəti dəfə səyahət üçün yenidən şəhərimizə gəlməyi düşünürsünüz?

- Böyük həvəslə bura yenidən qayıdaram. Yarışdan sonra bir neçə gün turist kimi vaxt keçirib buradakı digər gəzməli yerləri ziyarət edəcəyəm. Bunu səbirsizliklə gözləyirəm. Amma bəli, Bakıya mütləq yenidən gələcəyəm.

- Gəlin, bir az da "Formula"dan danışaq. Sizin sevimli pilotunuz kimdir?

- Mənim sevimli pilotum Lando Norrisdır. Həm də Lyuis Hemiltonun böyük azarkeşiyəm. Necə olmaya bilərsən ki? Onlar mənim iki sevimli pilotumdur.

- Sizcə, hansı komanda qalib gələcək?

- "Mercedes", elə deyilmi? Onlar bu mövsüm həqiqətən də yüksəlişdədirlər və düşünmürəm ki, onları dayandıran nəsə olsun, xüsusilə də Antonellini. Həmçinin gördüm ki, Rassel də bu gün günortadan sonra, eləcə də dünən sərbəst yürüşlərdə ön sıralarda idi. Düşünürəm ki, "Mercedes"i dayandırmaq mümkün olmayacaq.