“Real Madrid”də Joze Mourinyonun ikinci dönəminin gözləniləndən daha tez başa çata biləcəyi iddia olunur.
Metbuat.az xəbər verir ki, mövsümə uğursuz başlayan İspaniya klubunda baş məşqçi ilə prezident Florentino Peres arasında ciddi fikir ayrılıqları yaranıb. Mourinyonun transfer tələblərinin yerinə yetirilməməsindən narazı olduğu, Peresin isə komandanın nümayiş etdirdiyi futbol və nəticələrdən məmnun qalmadığı bildirilir. İddialara görə, Madrid derbisində “Atletiko Madrid”ə 1:2 hesabı ilə məğlubiyyət də Mourinyonun oyun planı ilə bağlı müzakirələri artırıb. “Mundo Deportivo”nun məlumatına görə, portuqaliyalı mütəxəssisin mövsümöncəsi rəhbərliyə təqdim etdiyi transfer siyahısı tam şəkildə həyata keçirilməyib. Klub rəhbərliyinin maliyyə səbəblərini əsas gətirərək bəzi transferlərə razılıq vermədiyi və bunun Mourinyonun narazılığına səbəb olduğu qeyd edilir. Digər tərəfdən, uğursuz nəticələr və transfer siyasəti fonunda Florentino Peresin rəhbərliyinin də müzakirə olunmağa başladığı bildirilir.
Bildirilir ki, milli komandalar üçün fasilədən sonra “Real Madrid”i “Vilyarreal”, “Roma”, “Sevilya” və “Leypsiq”lə çətin oyunlar gözləyir. Bu qarşılaşmalardan sonra “Barselona” ilə keçiriləcək El Klasiko Mourinyo üçün daha ciddi sınağa çevrilə bilər.