“Fransanın Ermənistanı xilas edəcək “sehrli çubuğu” yoxdur” -

Ermənistan mediasının və siyasətçilərinin xroniki narazı və pəjmürdə əhval-ruhiyyəsi belə düşünməyə əsas verir ki, Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin (Yael Braun-Pivet) İrəvanda verdiyi açıqlamalar onların gözləntilərini doğrultmayıb”.

Bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli bildirib. Analitik hesab edir ki, Braun-Piveyə mətbuat konfransında ünvanlanan suallar narahatlığın və narazılığın hələ səfərdən öncə yarandığını düşünməyə əsas verir. Ola bilsin ki, buna səbəb xanım Braun-Pivenin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində səfərdən bir həftə öncə Azərbaycanın Parisdəki səfirliyinin təşkil etdiyi tədbirə qatılan deputat Anne Genetetin də yer almasıdır.

Metbuat.az Elçin Mirzəbəylinin şərhini təqdim edir:

Anne Genetet tədbirdə iştirakı ilə bağlı açıqlamasında “sülhün əldə edilməsinə parlament diplomatiyasının töhfə verə biləcəyinə inandığını” bildirib. Əslində Yael Braun-Pivenin İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər də Anne Genetetin açıqlamasından ciddi şəkildə fərqlənmir. Fransa Milli Assambleyasının sədrinin qənaətinə görə, mümkün sülh və dialoq gündəliyi tükənməyib və onlar bu müstəvidə bütün imkanlardan istifadə etməyiblər. Təəccüb doğuran iddiadır. Çünki Fransa Milli Assambleyasının noyabrın 20-da qəbul etdiyi qətnamə bunun əksini düşünməyə əsas verir. Mahiyyət etibarilə, həm Fransa prezidenti Emmanuel Makron, həm də Milli Assambleyanın sədri eyni siyasi düşərgəni ifadə edirlər və indiki şəraitdə onların eyni məsələ ilə bağlı fərqli mövqe sərgiləmələri inandırıcə görünmür. Manevr müstəvisində etimad limiti tükəndiyi üçün, “parlament diplomatiyası”, “sülh və dialoq gündəliyi” barədə deyilənlərin diplomatik manevr olduğu da bir o qədər inandırıcı görünmür. Digər tərəfdən, Fransa Milli Assambleyası, qanunverici orqan olaraq, əslində son sözünü deyib və Fransa hökumətini Azərbaycana “sanksiya tətbiq etməyə” çağırıb. Bu xüsusda Fransa hökumətinin mövcud reallıqlar çərçivəsində nəzəri baxımdan da olsa Azərbaycanla dialoqda olması daha inandırıcı görünür, nənki Milli Assambleyanın. O zaman xanım Braun-Pive “sülh və dialoq gündəliyinin tükənmədiyi”ndən, “parlament diplomatiyası”ndan danışanda nəyə ümid bəsləyir, yaxud öz ölkəsinin rolunu bu prosesdə necə görür? Bu suallar hələlik açıq qalıb, amma Milli Assambleya sədrinin açıqlamalarında yer alan bəzi məqamlar “parlament diplomatiyası”, “sülh gündəliyi” və “dialoq”la bağlı mülahizələrin dilə gətirilmə səbəbləri barədə bəzi ehtimalların irəli sürülməsinə imkan yaradır

Belə məqamlardan biri Braun-Pivenin “Qarabağ erməniləri” ilə bağlı fikirlərinin dolayısıyla Ermənistan parlamentinin spikeri Alen Simonyanın mülahizələri ilə üst-üstə düşməsidir. Bu bağlamda, Braun-Pivenin açıqlamasında yer alan və mənə görə səfərin ana xəttini təşkil edən fikirlərə də diqqət çəkmək istəyirəm. Yael Braun-Pive deyir: “Biz Ermənistanda olmağa borcluyuq. Ona görə ki, gərginlik artır və bu Ermənistanı daha da asılı vəziyyətə salır”.

Qənaətimə görə, Fransa parlamentinin aşağı palatasının sədrinin açıqlamalarında nəzərə çarpan “yumşaq notlar” Ermənistanın dalana dirənməsi və Fransanın rəsmi İrəvanı hazırda mövcud kollaps vəziyyətindən çıxarmaq üçün real imkanlara malik olmaması ilə bağlıdır. “Sülh gündəliyi”nin təşviqi ilə bağlı mülahizələr də çox güman ki, buradan qaynaqlanır və rəsmi Paris bölgədəki durumun yox, məhz Ermənistanın vəziyyətinin daha da gərginləşməməsi üçün münasibətlərin mümkün qədər yumşalmasına, vaxt qazanılmasına xidmət edən dialoq mühitinin formalaşmasına can atır. Yəni rəsmi Parisin İrəvanı xilas edəcək “sehrli çubuğu” yoxdur və Ermənistan bütün hallarda bölgədəki reallıqları, Fransanın isə bu reallıqları dəyişmək gücündə olmadığını nəzərə almalıdır.

Bütün bunlardan çıxarıla biləcək nəticə isə çox sadədir: Təzyiqi, eləcə də Ermənistanın və himayəçilərinin cavab verə bilməyəcəyi çağırışların sayını, intensivliyini artırmaq lazımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR