"Şanxay", Bayıl, Sulutəpə, Alatava... - FOTO

"Şanxay", Bayıl, Sulutəpə, Alatava... - FOTO
13:47 19 Yanvar 2015
146 Sosial
Ölkə mətbuatı
A- A+

Bu ərazilərdə qanunsuz tikililər sənədləşdirilməyəcək
Prezidentin qanunsuz tikililər barəsində son fərmanı Keşlənin “Şanxay” massivində yaşayanları ümidləndirmişdi. İllərdir qeyri-müəyyən vəziyyətdə qalan sakinlər fərmandan faydalana biləcəklərini güman edirdilər. Çünki fərmanda sənədsiz tikililərin rəsmiləşdirilməsi nəzərdə tutulur. Ancaq Daşınmaz Əmlakın Reyestri Xidmətinin açıqlamasından sonra sanki vətəndaşlar üçün “soyuq duş” effekti oldu.

Bu fərmanın özbaşına tikililərə şamil edilmədiyi qeyd olundu. Yalnız müxtəlif vaxtlarda əlində sənədləri olan, problemini həll edə bilməyən vətəndaşların fərmandan istifadə edə biləcəyi vurğulandı. Odur ki, “Şanxay”da yaşayanların evlərinin sənədləşdirilməsinə bir “quş” qoyuldu.

Bizimlə söhbət edən qəsəbə sakinlərinin sözlərinə görə, Nəqliyyat Nazirliyi və “Azərbaycan Dövlət Dəmiryolları” ASC vaxtaşırı bu massivdə tikililərin söküləcəyini bəyan edir. Bu bəyanatların əmələ çevrilmədiyini xatırladan sakinlər qeyd edirlər ki, saysız-hesabsız qanunsuz tikili var və məsələni bu şəkildə həll etmək doğru deyil. Qəsəbə camaatı təklif edir ki, əvvəlcə evlərin sənədləşdirilməsi prosesi həyata keçirilsin.

Onlar prezidentin son fərmanını eşidəndə sevindiklərini, çox çəkmədən Əmlak Komitəsinin verdiyi açıqlamadan sonra ruhdan düşdüklərini qeyd etdilər.

Sakinlər sənədsiz evlər probleminin niyə hələ də həll edilmədiyini soruşurlar. “Şanxay”lılar qeyd edirlər ki, Avropa Yay Oyunlarından sonra qəsəbənin köçürülməsi gündəmə gələ bilər. Onların dediyinə görə, köçürülmə prosesi kütləvi olmayacaq və “Sovetski”də olduğu kimi hissə-hissə insanlar evlərini tərk edəcəklər.

"Mən fikirləşmirəm ki, o qədər də insafsızlıq eləsinlər, bizi küçəyə atıb evsiz qoysunlar. Ya pul verəcəklər, ya da çox kənar yerdə ev. Amma yaxşı olardı ki, birinci evlər sənədləşdirilsin. Onda hökumət üçün də məsələni həll etmək asan olar.

Evlərə yerinə və kvadratına görə kompensasiya verilərdi, biz də bu cəhənnəmdən canımızı qurtarardıq. Guya bura bizə xoşdur? Hər an təhlükə, şəraitsizlik, darısqallıq... Uşaqlarımız üçün lap çox narahatıq. Özümüz yenə belə yaşamağa vərdiş eləmişik. Hər halda evlər sənədləşməlidir. Biz buranı özbaşına tikməmişik ki?" - deyə, qəsəbə sakini Ədalət Tağıyev qeyd edir.

Onun qonşusu İmran Seyidov bildirir ki, Bakıda 50 mindən çox qeyri-qanuni tikili var: “Bu 50 min evin hamısı necə özbaşına tikilə bilər? Deməli, dövlət qurumları ilə razılaşdırılıb, rüşvət verilib. Hacıbala Abutalıbov böyük bir problem qoyub, indi də camaatı günahkar çıxarıb həll etmirlər. Prezidentin fərmanı bizə aid olunmalı idi. Onsuz da əlində sənədi olanlar birtəhər problemini həll edirlər. Biz isə havada qalmışıq. Abutalıbovun isə vecinə deyil. Milli Məclisdə oturanlar ən lazımsız mövzulardan danışırlar. Bir dəfə bizim məsələni qaldırsınlar da... İcazə verilmir onlara? Başa düşürük, nədən icazə var, deputatlar da ondan danışır. Amma 50 min insanın da taleyi sual altındadır. Mən özüm müəlliməm. Di gəl, bu şəraitdə yaşamağa məcburam”.

Qeyd edək ki, paytaxtın “Şanxay”, Sulutəpə, Alatava, Sabunçu vağzalında olan qanunsuz tikililərin sahibləri prezidentin yeni fərmanından faydalana bilməyəcəklər. Siyahıya Bayıl qəsəbəsindəki A.İsmayılov küçəsi, Salyan-II döngəsi yaşayış massivindəki evlər və başqa yerlər də daxildir. Əmlak Məsələləri Dövlət Komitəsi dövlət başçısının sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı imzaladığı fərmanın əhatə dairəsini açıqlayıb.

Komitənin nəzdindəki Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəis müavini Elşən Məmmədov fərmandan kimlərin yararlana biləcəyini dəqiqləşdirib. E.Məmmədov ANS-ə bu fərmanın qanunsuz, özbaşına tikintiləri əhatə etmədiyini deyib.

O, bu fərmanın müxtəlif dövrlərdə əlində sənədləri olduğu halda prosesdən yayınmış vətəndaşların problemlərini həll etmək və qeydiyyatı təkmilləşdirmək məqsədi daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu sərəncamla vətəndaşlar öz əmlaklarını çox çevikliklə qeydiyyatdan keçirəcəklər. Bunun üçün vətəndaşlar Dövlət Reyestri Xidmətinin rayon şöbələrinə müraciət etməlidirlər.

"Yeni Müsavat"






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR