Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının həbsdə olan sabiq baş həkimi İmran Ağayev azadlığa buraxılıb.
Metbuat.az Trend-ə istinadən məlumat verir ki, o məhkəmənin qərarı ilə cəzasının üçdə ikisini çəkmiş hesab edilib və azadlığa buraxılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi onun həbs müddətini 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirmişdi.
Qeyd edək ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, həbs olunan sabiq baş həkim İmran Ağayev Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin bacısı oğludur.