“Ukrayna Rusiya tərəfindən işğal edilmiş əraziləri geri almaq üçün əks-hücum əməliyyatına başlamağa hazırdır”.
Metbuat.az xəbər verir ki, bu fikirləri prezident Volodimir Zelenski şənbə günü dərc olunan "Wall Street Journal"a müsahibəsi zamanı deyib. Zelenski bildirib ki, Ukrayna Rusiyanın 15 ay əvvəl kiçik qonşusunun ərazisini işğal etmək üçün başlatdığı müharibənin dinamikasını dəyişəcək addımlar atmağa səy göstərir. Bunun üçün isə daha çox hərbi yardım və silah lazımdır. Ukrayna lideri qeyd edib ki, hazırda Qərbin dəstəyini saxlamaq üçün diplomatik səy göstərirlər.
Bu barədə Metbuat.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov isə hesab edir ki, Zelenskinin bu istəyinə Qərbin yanaşması bir az fərqlidir.
“Qərbin əsas hədəfi Rusiyanı zəiflədərək masaya otuzdurmaqdır. Hazırda Amerikaya müharibənin uzanması variantı onlara sərf edir. Avropa dövlətləri də NATO çərçivəsində Amerikadan asılıdır və Vaşinqtonun dedikləri ilə oturub durmağa məhkumdurlar. Hazırda vəziyyət onu tələb edir. Amerika da müharibənin uzanması üçün bütün gücü ilə çalışır. Prosesləri uzatmağın ən doğu yolu və təbii ki, silahı az vermək müharibənin uzanmasına şərait yaratmaqdır. Ukraynanın Avropanın, Amerikanın silah sursatına ehtiyacı var. Kiyevin başqa variantı da yoxdur. Çünki silah almaq üçün əlində pulu qalmayıb. Ona görə də, Qərb ölkələrinin silah sözü verməsi Ukrayna üçün vacibdir”.
Samir Hümbətov
Müharibənin hansı müddətə qədər davam edəcəyi sualına cavab olaraq politoloq bildirdi ki, ya Qərb ölkələri Ukraynadan əl çəkməlidir, ya da Rusiya silah-sursatı tükənib tamamilə zəifləyib mübarizəni dayandırmalıdır.
“Müharibənin tam bitəcəyi hələ də dəqiq deyil. Çünki, hələ də Qərb Ukraynanın “əlinə” silah verir, hətta döyüş təyyarələrinin verilməsi üzərində də düşünür. Rusiyanın əlində də bir az silah qalıb, ondan istifadə edir, amma bir yerə qədər bu davam edə bilər. Putin bütün ordusunu Ukrayna ilə müharibəyə səfərbər edə bilməz. Çünki digər əraziləri də qorumaq lazımdır. Ona görə də düşünürəm ki, indiki məqamda hələ ki, müharibə tərəflərin texnikasının bitməsinə qədər davam edəcək”.
Gülbəniz Hüseynli / Metbuat.az