Azərbaycanın yəhudi icması rəhbərləri Berlində görüşlər keçirib

Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycandakı yəhudi icması rəhbərlərindən ibarət heyət 18-22 iyun 2023-cü il tarixlərində Berlin şəhərinə səfər edib.

Metbuat.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, nümayəndə heyəti Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, AR Milli Məclisinin deputatı Anatoliy Rafailov, Bakı Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski, Gürcü Yəhudiləri dini icmasının sədri Zamir İsayev və Bakı Dağ Yəhudiləri dini icmasının ravvini Avraam Yakubovdan ibarət olub.

Heyət üzvləri səfər zamanı AFR Federal Hökumətinin Almaniyada Yəhudi Həyatı və Antisemitizmlə Mübarizə üzrə Müvəkkili Feliks Klayn, Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Matias Lüttenberq və sözügedən nazirliyin Yəhudi Təşkilatları ilə Əlaqələr üzrə Müvəkkilinin müavini Marayke Qaypel, Berlin meriyasında Federasiya və Avropa məsələləri, eləcə də beynəlxalq əlaqələr üzrə dövlət katibi Florian Hauer, habelə AFR Bundestaqının çoxsaylı üzvləri ilə görüşlər keçiriblər. Görüşlərdə Almaniyadan olan həmsöhbətlərə ölkəmizdə yaşayan yəhudilər, onların tarixi, Azərbaycandakı multikulturalizm və dinlərarası harmoniya mühiti, İsrail dövləti ilə qurulmuş yüksək səviyyəli dostluq münasibətləri və strateji tərəfdaşlıq və s. barədə məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan və İsrailin Almaniyadakı səfirliklərinin birgə təşkilatçılığı ilə Berlindəki qədim tarixə malik Pestalotsi sinaqoqunda keçirilmiş “Azərbaycanda yəhudi həyatı” adlı tədbirdə, habelə eyniadlı sərginin açılışında və “Azərbaycanda Yəhudi İrsi” adlı fotokitabın təqdimatında iştirak edib. AR Milli Məclisinin deputatı Anatoliy Rafailov, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Bakı Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski tədbir çərçivəsində keçirilmiş panel müzakirələrdə iştirakçıları Azərbaycanda yəhudilərin dinc yaşamaları, öz dini ayinlərini sərbəst şəkildə icra etmələri, habelə Azərbaycanın antisemitizm hallarının mövcud olmadığı nadir ölkələrdən olması və s. barədə məlumatlandırıblar.

Səfər çərçivəsində eləcə də Almaniya Yəhudiləri Mərkəzi Şurası, Berlin Yəhudi İcması və Xabad Lubaviç Berlin yəhudi təşkilatının rəhbərləri ilə də görüşlər keçirilib. Görüşlərdə Azərbaycan və Almaniyadakı yəhudi həyatının oxşar və fərqli cəhətləri barədə fikir mübadiləsi aparılıb və gələcək tərəfdaşlıq imkanları müzakirə edilib.

Nümayəndə heyəti tədbir çərçivəsində həmçinin Holokost qurbanlarını anan “Vanze Konfransı Evi” memorial və təhsil kompleksini, Berlin şəhərinin mərkəzində yerləşən “Öldürülən Avropa yəhudilərinin anımı abidəsini”, Berlin Yəhudi Muzeyini, Almaniyanın ən böyük sinaqoqu - Rikeştrase sinaqoqunu, eləcə də Oranienburqerstrase sinaqoqunu ziyarət ediblər. Heyət üzvlərinin ziyarət etdikləri muzey və sinaqoqlarda sözügedən məkanların rəhbərliyi və baş ravvinləri ilə görüşləri keçirilib, onlara “Azərbaycanda Yəhudi İrsi” adlı fotokitab hədiyyə olunub.

Səfər çərçivəsində Azərbaycandakı yəhudi icması rəhbərlərindən ibarət heyətin üzvləri AFR KİV-lərinin, o cümlədən Almaniyada dərc olunan yəhudi qəzetlərinin nümayəndələri ilə görüş keçirib və bəzi yerli kanallara müsahibələr veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı