Bu abituriyentlər üçün imtahan keçirilir

9 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir. Bu gün III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçirilir.

Metbuat.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Lənkəran, Cəlilabad və Xaçmazda təşkil olunur.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda 85 imtahan binası, 1547 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 85 ümumi imtahan rəhbəri, 252 imtahan rəhbəri, 1942 nəzarətçi–müəllim, 275 buraxılış rejimi əməkdaşı, 85 bina nümayəndəsi ayrılıb.

İmtahanda 20838 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 18914 nəfər Azərbaycan, 1924 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 11250 nəfəri oğlan, 9588 nəfəri isə qızdır. 18372 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2466 nəfər əvvəlki illərin məzunudur. 5 nəfər ali təhsil müəssisələrinin, 296 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 90 abituriyent xarici ölkələrin vətəndaşıdır.

İmtahanda 33 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 22 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı