“Azərbaycan yaxın illərdə “yaşıl enerji” ixrac edən ölkəyə çevriləcək” - TƏHLİL

Hazırda dünyada inkişaf etmiş ölkələr bərpa olunan enerjinin həcmini artırmaqda maraqlıdırlar. Burada məqsəd həm ətraf mühitə zərər vurmamaq, həm də gəlir əldə etməkdir. Azərbaycan da öz növbəsində bütövlükdə regionun enerji təhlükəsizliyinin təmin olunmasına, enerji bazarlarındakı tarazlığa töhfə verən ölkələrdəndir.

Ölkəmiz üçün prioritet olan “yaşıl enerji”, “yaşıl iqtisadiyyat”ın inkişafı və gələcək hədəfləri barədə Metbuat.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirdi ki, Azərbaycanda yaşıl iqtisadiyyatın formalaşdırılması bütövlükdə iqtisadi siyasətin son illər əsas istiqamətlərindən biridir:

“Son illərdə həm işğaldan azad olunmuş ərazilərimizdə "yaşıl iqtisadiyyat"ın formalaşdırılması, həm də ölkənin "yaşıl enerji" potensialından daha yaxından istifadə edilməsi istiqamətində bir çox işlər görülüb. Hazırda bu sahədə xarici investisiyanın cəlb edilməsi ilə yanaşı daxili sərmayənin həcminin artması da müşahidə olunur. Ölkəmiz “yaşıl enerji”nin inkişafı üçün Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, o cümlədən BP kimi şirkətlərlə də əməkdaşlıq edir. Körfəz ölkələrindən “yaşıl enerji” istehsalına həm texnologiya, həm də sərmayənin cəlb edilməsi müşahidə olunur.

Azərbaycanın hədəfi “yaşıl enerji”nin ümumi enerji istehlakında payının çoxaldılmasına nail olmaq, “yaşıl enerji” ixracatını həyata keçirməkdən ibarətdir. Məsələ ilə bağlı artıq Avropa İttifaqı ilə bağlanan müqavilələr, xüsusən də “yaşıl enerji”nin Rumıniya, Gürcüstan və Qara dəniz vasitəsilə ixrac edilməsi ondan xəbər verir ki, Azərbaycan yaxın illərdə “yaşıl enerji” ixrac edən ölkəyə çevriləcək. Digər tərəfdən “yaşıl enerji”nin ümumi istehlakda payının artması, təbii ixrac imkanlarımızın genişləndirilməsinə imkan verir. Nəticədə ölkəyə daxil olan valyutanın həcmi də artacaqdır”.

Mövzu ilə əlaqədar Metbuat.az-ın suallarını cavablandıran Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı-ekspert Murad Calalov qeyd edir ki, Azərbaycanın 2030-cu ilədək qarşısında olan hədəflər sırasında “yaşıl enerji” ölkəsinə çevrilmək dayanır:

“Hal-hazırda dünyanın iqtisadi və elm-texnologiya baxımından inkişaf etmiş ölkələri bərpa olunan enerjinin həcmini artırmaqla ətraf mühitə zərər vurmamaq və eyni zamanda gəlir əldə etməyi qarşıya məqsəd qoyublar. Bunlardan da son dövrlərdə “Geothermal energy” (geotermal enerji), “Wind energy” (külək enerjisi), “Tidal” (qabarma-çəkilmə hadisəsindən alınan enerji) və “Solar” (günəş enerjisi) ən aktual olanlarıdır. Düşünürəm ki, külək enerjisinin ölkəmizdə daha da geniş şəkildə tətbiq olunması üçün vacib olan təbii ehtiyyatlarımız var.

Azərbaycanın coğrafi relyefi baxımından Abşeron yarımadası külək enerjisi üçün turbinlərin tikilməsinə görə daha əhəmiyyətli mövqeyə sahibdir. “Xəzri”, “Gilavar” küləklərinin güclü olduğu dənizə yaxın ərazilərdə turbinlərin tikintisi məqsədəuyğun olardı. Bununla da bərpa olunmayan enerji sayılan neft enerjisinə qənaət etmiş olarıq.

Hazırda qaz, enerji böhranında alternativ enerji mənbələrinin çoxaldılması, çoxşaxəli təchizat modellərinə keçid Avropa Birliyi üçün həyatı əhəmiyyət kəsb edir. Azərbaycan üçün də önəmlidir. Çünki əlavə investisiyalar cəlb olunacaq, həm də Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycana yeni investisiyaların, texnologiyaların gəlməsinə, Avropa Birliyi ilə əməkdaşlığın, əlaqələrin daha da inkişafına səbəb olan faktora çevriləcək. Ətraf mühitin qorunması dünya üzrə ön planda durduğuna görə, bu sahə üzrə ölkəyə külli miqdarda investisiya axını gələcək”.

Ötən il Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xatırladan ekspert vurğuladı ki, Azərbaycanın “yaşıl enerji” ilə bağlı siyasəti bu sahənin inkişafına dövlətin maliyyə vəsaitlərini deyil, xarici şirkətləri cəlb etməyə yönəlib:

“Qeyd edim ki, Azərbaycan xarici investorlarla artıq 710 MVt gücündə külək və günəş enerjisi layihələrini icra edib, 25 QVt-a yaxın istehsal gücləri üzrə əməkdaşlıq sənədləri imzalanıb. Energetika naziri Pərviz Şahbazovun açıqlamalarına əsasən, Xəzər dənizində 157 QVt-lıq külək potensialımız var. Azərbaycan onu Avropa İttifaqına yüksək gərginlikli xətlər vasitəsilə elektrik enerjisi, “yaşıl hidrogen”, ammonyak şəklində verə bilər. Hazırda dörd ölkə Avropa Komissiyası və özəl şirkətlərlə birlikdə bunun üzərində işləyir.

Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin zəngin bərpa olunan enerji resurslarından səmərəli istifadə olunması məqsədilə imzalanan digər layihələr üzrə də işlər uğurla davam etdirilir. Bu layihələrdən biri 2021-ci ilin mayında Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında imzalanıb. 2021-ci ilin iyun ayında isə Energetika Nazirliyi və BP şirkəti Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar. Hesab edirəm ki, bu və digər layihələrin icrası işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” strategiyasının uğurla reallaşdırılmasını təmin edəcək”.

Gülbəniz Hüseynli /Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı