Makron və komandası “məğlubiyyət sindromu” yaşayır - ŞƏRH

Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin problemləri sosial-iqtisadi amillərlə bağlı deyil. Onların guya “blokada şəraitində olması”, “humanitar böhrana məruz qoyulması” barədə deyilənlər şou xarakterlidir. Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilər üçün humanitar yardım karvanı göndərməklə “humanitar böhran” kampaniyasını iflasa uğratdı. Əgər Qarabağda yaşayan ermənilər “humanitar böhran” həddində olsaydılar, Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə göndərilmiş ərzağı qəbul edərdilər. Hansı ki, Bakıdan yola salınmış humanitar yardım karvanı hələ də Ağdam-Xankəndi yolundadır. İçərisində 40 ton un məmulatları olan iki TIR-ın bölgəyə girişi üçün qarşı tərəfin razılığı gözlənilir. Onlar isə razılıq vermirlər. Bununla da isbat olunur ki, bölgədəki separatçı dəstənin Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə birgə apardığı “humanitar böhran” kampaniyası siyasi maraqlara xidmət edir. Bölgədəki separatçı dəstə bu yalançı kampaniyadan faydalanıb dünya ictimai rəyini çaşdırmaq, Azərbaycana qarşı təzyiq göstərilməsinə nail olmaq, nəticədə özlərinin bölücü siyasətləri üçün dəstək almaq istəyirlər. Acınacaqlı hal budur ki, Fransa dövləti də erməni separatçıların bu kampaniyasına dəstək verir.

Metbuat.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

M.Ələsgərli bildirib ki, Fransanın Qarabağ bölgəsinə guya “humanitar yük”lə dolu olduğu bildirilən 10 avtomobil göndərməsi təxribat əməlidir. Əvvəla, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın hər hansı bölgəsində, o cümlədən Qarabağ regionunda humanitar böhran yaşanmır. Bununla bağlı heç bir ölkəyə müraciət olunmayıb. Azərbaycan bütün dünyaya sübut edib ki, bölgədə “humanitar böhran”ın yaşanmasını ehtiva edən kampaniya siyasi xarakterlidir, qondarma əsaslarla yaradılıb, bölücülük məqsədlərinə xidmət edir. Fransa hakimiyyəti isə həmin kampaniyaya qoşulmaqla Qarabağdakı separatçı dəstəyə köməyini ifadə edib.

Digər tərəfdən, Parisin meri Ann İdalqo və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə göndərilən bu yüklərin Qarabağ bölgəsinə çatdırılması Azərbaycan tərəfi ilə razılaşdırılmayıb. Əksinə, Fransa hökumətinin yükləri məhz Ermənistanın paytaxtı İrəvandan yola salmaqla Qarabağa göndərməsi rəsmi Parisin Qarabağ regionuna baxışını ifadə edir. Belə davranış Azərbaycanın daxili işlərinə müdaxilədir. Ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir.

"Emmanuel Makron hakimiyyəti belə yanlış hərəkətlərlə Azərbaycanın suveren hüquqlarına müdaxilə etdiyi kimi, Fransanın özünə də ciddi zərər verir. Fransanın “sülhsevər, demokratik ölkə” imici məhv olur. E.Makron komandasının son addımları Cənubi Qafqaz regionunda beynəlxalq aktorların səyləri ilə irəlilədilən kövrək sülh prosesini təhlükə altına salır. Afrikada ciddi problemlərlə üzləşmiş və ağır duruma düşmüş Fransa indi də Cənubi Qafqazda eyni formalı pozucu fəaliyyətlərə əl atır, regiondakı durumu gərginləşdirmək istiqamətində işini davam etdirir.

Görünən budur ki, E.Makron komandası “məğlubiyyət sindromu” yaşayır. Qarabağ münaqişəsini Ermənistanın xeyrinə həll etmək üçün onun indiyədək göstərdiyi bütün səylər nəticəsiz bitib. Hətta BMT Təhlükəsizlik Şurasının sədri olduğu dönəmdə də “Laçın yolu” mövzusunu BMT müstəvisində müzakirəyə çıxarıb uğurlu nəticələr qazana bilməyib. Avropa İttifaqındakı imkanları da onun qalibiyyətini şərtləndirməyib. Azərbaycan öz dostlarının dəstəyi ilə onun Qarabağa yönəlik bütün planlarını dağıdıb. Davamlı uğursuzluqlar E.Makron hakimiyyətini aqressivləşdirir, yanlış addımlar atmağa sövq edir. Əgər o, əvvəllər təmkinlə hərəkət edirdisə, öz siyasətini Ermənistanın adından ifadə etməklə pərdələyirdisə, “məğlubiyyət sindromu”ndan sonra belə addım atmaq məcburiyyətində qalıb, prosesin önündə birbaşa özü görünməyə başlayıb. Təcrübəyə əsaslanıb demək olar ki, Azərbaycan Fransanın budəfəki oyununu da poza biləcək, onu yenidən məğlub duruma salacaq", - deyə media eksperti vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı