AFFA “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı cəzaları açıqladı

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı cəzaları açıqlayıb.

Metbuat.az xəbər verir ki, birincilərin iki köməkçi məşqçisi - Sənan Qurbanov və Miodraq Todorov diskvalifikasiya olunublar.

Hakimin qərarına etiraz etdikləri üçün qırmızı vərəqə alan mütəxəssislər 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıblar. Onlara 3 aylıq sınaq müddəti təyin edilib. “Neftçi” isə buna görə 3000 manat cərimələnib.

Qarşılaşmada fotoqrafların mövqelərini dəyişərək icazə verilməyən yerlərdən çəkiliş aparmaları “Neftçi”yə 500 manata başa gəlib. Həmçinin matçdan sonra meydana kənar şəxslər daxil olduğundan, “ağ-qaralar” daha 800 manat cərimə ödəyəcəklər. Bundan başqa, oyunda "miks-zona" düzgün təşkil edilmədiyinə, stadionun tunelində insanlar çox olduğuna və futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə “Neftçi”yə xəbərdarlıq edilib.

“Qarabağ” da cəriməsiz qalmayıb. Toral Bayramovun formasının rəqəmləri fərqli olduğundan, ağdamlılar 1000 manat cərimələniblər. 78-ci dəqiqədə isə Ağdam təmsilçisinin azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib komandanın ünvanına qeyri-etik ifadələr səsləndirilib. Bu hal mövsümdə ikinci dəfə yaşandığından, qonaqlar 500 manat cərimə olunublar.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı