"Savaş uşaqları" - Tural İsmayılovun şeirləri

Silah səsləri ölüm buzluğu

Hər atılan bir mərmi

Min ümid,

Min ürək,

Min yaşam bitirir.

Silahın soyuqluğunda

Körpə iniltisinin günahları var.

Atılan bombalar tənhalıq girdabıdır

Sevən əllərin qırılmağı

Ananın oğuldan

Atanın qızdan qopmağı,

Arzunun həyatdan ayrılmağıdır

Gurultunun naləsində

Bir uşaq gülüşünün solmazlığı qalar.

Siyasi liderlərin qəzəbi

Xalqların talesizlik “bəxşişidir”

Vicdan susanda

İki tərəf üz-üzə gələr

Biri deyər: “Atma, nə olar, əmi”

Digəri isə çəkinməz, vurar.

Savaşlar olmayanda

Uşaqlar gülər

Təbəssümün ən gözəli heç solmaz.

Savaş uşaqları

Onların oyuncağı olmur

Sevinc yerinə dağıntılarla oynayarlar

Onların bəzən valideynləri olmur

Göz yaşlarını valideyn bilib

Ona sığınarlar.

Onların anlayışı yoxdur

Ətrafda baş verənləri məsum qəlblərində yaşadarlar.

Savaş uşaqları sevdanı görməzlər

Başqaları rahat böyüyərkən

Onlar heç böyüməzlər

Savaşlar bir uşağın insaf yalvarışının qatili

Körpə acılarının vəhşi maskasıdır.

Tural İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı