O qanlı-qadalı günlərdə xalqımızın harayına ilk səs verən ulu öndər Heydər Əliyev oldu

O qanlı-qadalı günlərdə xalqımızın harayına ilk səs verən ulu öndər Heydər Əliyev oldu
17:08 19 Yanvar 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 19 yanvar, Rauf Əliyev, AzərTAc
1990-cı il yanvarın 20-si uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, kədərlə xatırlanacaq gün deyil, həm də bizim üçün şan və şərəf, milli qürur günüdür.
AzərTAc xəbər verir ki, bu fikirləri AMEA Naxçıvan Bölməsində keçirilən elmi konfransda çıxış edən akademik İsmayıl Hacıyev səsləndirib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin, Vətənimizin azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən akademik İsmayıl Hacıyev bildirib ki, 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıda törətdikləri qanlı cinayətlər, eyni zamanda, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları ilə müşayiət olundu. Onların Sədərəyə və digər sərhəd kəndlərinə hücumu Qanlı Yanvar aksiyasının tərkib hissəsi idi. Ancaq naxçıvanlılar düşmənin önündə mərdliklə dayandılar, şəhidlər verərək qədim Azərbaycan torpağını - Naxçıvanı qoruyub saxladılar.
Vurğulanıb ki, 20 Yanvar faciəsinin ertəsi günü uzaq Moskvada xalqının harayına ilk səs verən yenə ümummilli liderimiz Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də o zaman Moskvada yaşayan Ulu Öndər həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi. Baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və başda Mixail Qorbaçov olmaqla Bakıdakı terror aktının təşkilatçısı olan hakimiyyət nümayəndələrini və hərbiçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı.
“20 Yanvar hadisələrinə siyasi-hüqiqi qiymətin verilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1990-cı il noyabrın 21-də məhz Ümummilli Liderimizin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi”, - deyən İsmayıl Hacıyev bildirib ki, daha sonra Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanla Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verdi.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “20 Yanvar ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Məşələ dönmüş ürəklər: Vətən öz şəhidlərini unutmur”, şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi” mövzularında məruzələri dinlənilib.
Vurğulanıb ki, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/O_qanli_qadali_gunlerde_xalqimizin_harayina_ilk_ses_veren_ulu_onder_Heyder_Aliyev_oldu-825809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR