Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İstanbula gedir

Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İstanbula gedir
18:53 19 Yanvar 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 10-cu sessiyasında iştirak etmək üçün yanvarın 20-dən Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Gövhər Baxşəliyeva, Mirkazım Kazımov, Sabir Rüstəmxanlı, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

İstanbulda keçiriləcək tədbirdə İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı arasında anlaşma və əməkdaşlıq memorandumu ratifikasiya olunacaq, qurumun ixtisaslaşmış komitələrinin təqdim etdikləri sənədlərin müzakirəsi keçiriləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

Tədbirdə Milli Məclisin sədri O.Əsədovun çıxışı gözlənilir.

Sessiya çərçivəsində deputatlarımız təşkilatın Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, Mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə komitələrinin toplantılarına qatılacaqlar. Yığıncaqlarda “XXI əsrin problemlərinə cavab: Qlobal sülh, ədalət, sabitlik və təhlükəsizlik” mövzusunda müzakirələr aparılacaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, terrorizmə qarşı mübarizə, İslam dövlətləri arasında viza məsələlərinin sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, İslam mədəni irsinin qorunması və digər məsələlər ətrafında fikir mübadiləsi keçiriləcək.

Səfər çərçivəsində O.Əsədovun təbdirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər yanvarın 23-də başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2354991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR