İrəvanı sülhdən yayındıran səbəb - Azərbaycan israr etməkdə qərarlıdır

“Nikol Paşinyan və onun komanda yoldaşları istənilən situasiyadan istifadə edərək sülh sazişinin imzalanmasına əngəl törətməyə çalışırlar. Onlar prosesi uzadaraq, konstitusiyaya dəyişiklik etməkdən yayınırlar”.

Bu fikirləri Metbuat.az-a Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib. Ekspert xatırladıb ki, Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə yanaşı, Türkiyəyə qarşı ərazi iddiaları da var:

“Almatı görüşünün nəticəsindən ümidliyik” –

“Ola bilər ki, biz müqaviləni imzalayandan sonra Ermənistanda hakimiyyət dəyişikliyi olsun. Etirazlar nəticəsində bu baş verərsə, Paşinyanın yerinə gələnlər konstitusiyaya əsaslanaraq sülh müqaviləsini qəbul etməyə bilərlər. Azərbaycanın irəli sürdüyü tələblərə əməl edilməməsinə səbəb Nikol Paşinyanın daxildəki təzyiqlərdən, mitinqlərdən ehtiyatlı davranmasıdır. Paşinyan bir müddət əvvəl razılaşsa da, sonradan geri çəkildi. Hesab edirəm ki, bu, aksiyaların təsiri ilə oldu. Bu şərtlər altında müqavilə imzalanarsa, çox böyük problemlər yaşana bilər. Ona görə də Azərbaycan haqlı olaraq öz tələblərində israr edib və Ermənistandan bunun dəyişdirilməsini tələb edir”.

Millət vəkili Aydın Mirzəzadə isə vurğulayıb ki, Ermənistan artıq seçimini etməlidir:

“Səfirin getməsi Fransanın ölkədən çıxması sayıla bilərdi” -

“Bugünkü reallıqdan asılı olmayaraq, Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamalı, ərazi bütövlüyümüzü, sərhədləri tanımalıdır. Yaxşı olardı ki bu proses tez baş versin. Sülh tez bağlanarsa, Ermənistan qarşısında duran bir çox məsələləri qısa zamanda həll edə biləcək. Əks halda, Ermənistan bu gün üzləşdiyi problemlərlə hələ uzun müddət yaşamalı olacaq”.

Millət vəkili Elman Nəsirov isə düşünür ki, altı illik hakimiyyət dövründə daha ağır sınaqlardan keçən Nikol Paşinyan üçün təslim aktına imza atdıqdan sonra parlament seçkilərində qalib gəlməsi, Ermənistan cəmiyyətində ona olan inamın ifadəsidir:

“Paşinyan bu halda Ermənistanı blokadadan çıxara bilər” -

“Paşinyan da uğurlu gedişlər edir. Ona qarşı dayanan qüvvələrə, xüsusilə də keşiş və onun ətrafına qarşı etiraz dalğasının məhz Qarabağ klanını maliyyələşdirdiyi ilə bağlı ictimai rəyin formalaşmasına nail ola bilib. N.Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağı qarşısına hədəf qoyub. O, bu müqaviləni imzalamaqla, Ermənistanı blokadadan çıxa bilər. Ermənistanın iqtisadi rifahı məhz bu sülh müqaviləsindən asılıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı