İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı özünə yeni müavin təyin edib.
Metbuat.az xəbər verir ki, bu, indiyə qədər onun müşaviri olan Ayaz Müseyibovdur.
O, yeni vəzifəsində bir qədər əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru təyin olunmuş Rəşad Hüseynovu əvəz edib.
A.Müseyibov 1992-ci ildə Xaçmazda anadan olub, 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə bakalavr, 2014-2017-ci illərdə maliyyə idarəetməsi ixtisası üzrə magistr, 2021-ci ildə Asiya İnkişaf Bankının təqaüdü ilə Böyük Britaniyanın Kembric Hakim Biznes Məktəbində "Finteks və tənzimləyici innovasiyalar" üzrə təhsil alıb, 2020-2021-ci illərdə Beynəlxalq Valyuta Fondu İnstitutunun dövlət qulluqçuları üçün “Maliyyə Proqramlaşdırılması: Makroqitisadi Təhlil” istiqaməti üzrə xüsusi proqramını bitirib, 2020-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat üzrə doktorantura təhsili alır, “Smart Siyasət – 21-ci əsrin dövlət siyasətində data analitikası” istiqaməti üzrə ABŞ Dövlət Departamentinin Beynəlxalq Liderlərin Mübadiləsi Proqramının məzunudur.
O, 2015-2016-cı illərdə Azərbaycan Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində kiçik mütəxəssis; 2016-2018-ci illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında Bank nəzarəti departamentinin kiçik mütəxəssisi, 2018-2019-cu illərdə "Azərbaycan Kredit Bürosu" MMC-də Biznesin inkişafı departamentinin aparıcı mütəxəssisi, 2019-2020-ci illərdə İİTKM-də Səmərəliliyin qiymətləndirilməsi departamentinin baş analitiki, 2020-ci ildən Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri, 2022-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində Təhlil və monitorinq şöbəsinin rəisi vəzifələrində çalışıb, 2023-cü ilin oktyabr ayında İİTKM-nın icraçı direktorunun müşaviri təyin olunub.