Qars Qafqaz Universitetinin nümayəndə heyəti NDU-da

Qars Qafqaz Universitetinin nümayəndə heyəti NDU-da
13:25 20 Yanvar 2015
222 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 20 yanvar, AzərTAc
Türkiyənin Qars Qafqaz Universitetinin rektoru, professor-doktor Sami Özcanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində (NDU) olub.
NDU-nun mətbuat şöbəsindən AzərTAc-a bildirilib ki, universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov qonaqlara bu ali təhsil müəssisəsinin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti barədə ətraflı məlumat verib.
Rektor ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə qazanılan müvəffəqiyyətlərdən bəhs edib, Qeyd olunub ki, universitet bir çox beynəlxalq layihələrdə uğurla təmsil olunur. Tələbə mübadiləsinin və mobilliyinin artırılması nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini müxtəlif ölkələrdə, o cümlədən Türkiyə universitetlərində davam etdirirlər. Həmçinin dünyanın müxtəlif ölkələrindən olan tələbələr Naxçıvan Dövlət Universitetində təhsil alırlar. Universitetdə doktorantura pilləsində təhsil alan tələbələr sırasında Slovakiya və Polşa vətəndaşları da var.
Vurğulanıb ki, tədrisin təşkilində beynəlxalq təcrübənin öyrənilməsinə ciddi əhəmiyyət verilən Naxçıvan Dövlət Universitetində tibb və baytarlıq fakültələrinin müəllimləri və tələbələri neçə illərdir ki, Türkiyə Respublikasının digər universitetləri ilə yanaşı, Qars Qafqaz Universitetində də təcrübə keçirlər.
Türkiyənin 40-a yaxın ali məktəbləri ilə, o cümlədən Qars Qafqaz Universiteti ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirən rektor Saleh Məhərrəmov bugünkü görüşün əlaqələrin davamlı xarakter daşımasına böyük zəmin yaratdığını deyib.
Qars Qafqaz Universitetinin rektoru, professor-doktor Sami Özcan Naxçıvan Dövlət Universitetinin elmin, təhsilin tərəqqisi, müasir texnologiyaların tətbiqi, yeni tədris üsullarının mənimsənilməsi istiqamətində böyük inkişaf yolu keçdiyini söyləyib. Qonaq rəhbərlik etdiyi universitet haqqında geniş məlumat verib.
Qars Qafqaz Universiteti tibb fakültəsinin dekanı professor-doktor Sadıq Ardıc, professor-doktor Şaban Maraşlı, tibb fakültəsinin baş həkimi, dosent-doktor Miktat Kaya, bu fakültənin cərrahiyyə bölməsinin müdiri, professor-doktor Kanat Özışık çıxışlarında gələcəkdə iki təhsil ocağı arasında tibb sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı bir sıra təkliflər səsləndiriblər.
Türkiyəli qonaqlar universitet kampusu ilə tanış olub, burada yaradılan mükəmməl şəraitdən məmnunluqlarını ifadə ediblər.
Sonra qonaqlar Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri və Onkoloji Mərkəzdə, həmçinin Naxçıvan Özəl Universitetində olublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR