İtaliyanın tarixi Leççe şəhərində adi santexnika problemi gözlənilməz arxeoloji kəşflə nəticələnib.

Metbuat.az xəbər verir ki, restoran sahibi Luçiano Fadjiano evində tıxanmış kanalizasiya borusunu təmir etmək istəyərkən döşəmənin altından qədim tikililərə rast gəlib. Oğulları ilə birlikdə sızıntının mənbəyini müəyyənləşdirmək üçün qazıntıya başlayan Fadjiano işlərin cəmi bir həftəyə yekunlaşacağını düşünürdü. Lakin bu proses ailənin yeddi il davam edən arxeoloji araşdırmasına çevrilib.

Döşəmənin altında daş konstruksiyalar və yeraltı keçidlər aşkar edildikdən sonra qazıntı işləri rəsmi arxeoloqların nəzarəti altında davam etdirilib. Araşdırmalar nəticəsində ərazidə müxtəlif tarixi dövrlərə aid mühüm izlər üzə çıxarılıb.

Qazıntılar zamanı e.ə. V əsrə aid Messapi sivilizasiyasının məzarları, Roma imperiyası dövründən qalan taxıl anbarları və orta əsrlərə aid gizli tunellər aşkarlanıb. Bundan başqa, ərazidən 5 mindən çox qədim qab-qacaq, müxtəlif bəzək əşyaları və divar rəsmləri tapılıb.

Tarixi tapıntıların miqyası Fadjianonun ilkin planlarını da dəyişib. Ərazini restoran kimi istifadə etmək fikrindən vaz keçən ev sahibi aşkarlanan artefaktların bərpasına qərar verib.

Nəticədə tarixi tikili və onun altında yerləşən arxeoloji qalıqlar qorunub saxlanılıb. Bina "Faggiano Muzeyi" adı ilə ziyarətçilərin üzünə açılıb. Bu gün ziyarətçilərin müxtəlif tarixi dövrlərinə aid izləri eyni məkanda görmək imkanı var.