Dağıstanın dağlıq ərazisində yerləşən bir kənd dünyada bənzəri olmayan ənənəsi ilə diqqət çəkir. Tsovkra-1 kəndində qadın, kişi və uşaqlar da daxil olmaqla, sakinlərin böyük hissəsi kiçik yaşlarından kəndir üzərində yeriməyi öyrənir. Nəsildən-nəslə ötürülən bu bacarıq illər ərzində kəndi məşhurlaşdırıb və buradan çox sayda peşəkar akrobat yetişib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, kənddə kəndir üzərində yerimək sadəcə əyləncə deyil. Bu bacarıq yerli sakinlərin həyat tərzinin bir hissəsinə çevrilib. Uşaqlar məktəbdən sonra xüsusi qurulan kəndir və troslarda tarazlıq məşqləri edirlər. Onlar əvvəlcə yerə yaxın hündürlükdə çalışır, bacarıqları artdıqca daha yüksək troslara keçirlər.

Bu qeyri-adi ənənənin necə yarandığı isə dəqiq məlum deyil. Kənddə yayılan rəvayətlərdən birinə görə, gənclər vadinin digər tərəfində yaşayan qızlara daha qısa yolla çatmaq üçün iki yamac arasına kəndir çəkərək ondan istifadə ediblər. Başqa ehtimala görə isə bölgədə tez-tez baş verən daşqınlar körpüləri dağıtdığından, sakinlər vadiləri kəndirlərlə keçməyə başlayıblar. Zaman keçdikcə məcburiyyətdən yaranan bu üsul xüsusi bacarığa çevrilib.

Sonralar kənd sakinləri bu bacarıqdan gəlir əldə etmək üçün müxtəlif yerlərdə nümayişlər keçirməyə başlayıblar. Xüsusilə İkinci Dünya müharibəsindən sonrakı dövrdə Tsovkra-1-dən çıxan akrobatlar keçmiş SSRİ-nin məşhur sirklərində çıxış ediblər. Onların ən mürəkkəb nömrələrində bir neçə nəfər eyni kəndirin üzərində hərəkət edir, hətta bir-birinin çiyinlərinə çıxaraq insan qüllələri yaradırdı.

Lakin əsrlərdir davam edən bu ənənə hazırda yox olmaq təhlükəsi ilə üz-üzədir. İqtisadi çətinliklər və gənclərin böyük şəhərlərə köçməsi kənd əhalisinin kəskin azalmasına səbəb olub. 1980-ci illərdə təxminən 3 min nəfərin yaşadığı kənddə hazırda əhalinin 400 nəfər civarında olduğu bildirilir.

Kənddə ənənəni yaşatmağa çalışanlar hesab edirlər ki, yeni nəsil yetişdirilməsə və lazımi dəstək göstərilməsə, Tsovkra-1-i dünyaya tanıdan bu qeyri-adi sənət tamamilə unudula bilər.