Sosial şəbəkələrdə demək olar ki, hər gün hansısa tanınmış şəxsin, vaxtilə məşhur olmuş aparıcının və ya cəmiyyətdə xüsusi statusu olmayan bir insanın həbs olunması ilə bağlı xəbərlərlə qarşılaşırıq. Bəzən isə xəbərin özündən daha çox onun altında yazılan şərhlər diqqət çəkir. Çünki bəzi insanlar başqasının yaşadığı problemə, uğursuzluğa və hətta faciəyə sevindiklərini açıq şəkildə ifadə edirlər.

Psixoloq Vüsalə Rüstəm Metbuat.az-a açıqlamasında deyib ki, başqasının bədbəxtliyindən zövq almağın psixologiyada xüsusi adı var. Bu hal “şadenfreyd” adlanır. Mütəxəssis hesab edir ki, son dövrlərdə sosial şəbəkələrdə bu cür reaksiyaların daha çox görünməsi cəmiyyətdə narahatlıq doğuran məqamlardan biridir: “İnsanın başqasının uğursuzluğuna sevinməsinin müxtəlif psixoloji səbəbləri var. Bunlardan biri qısqanclıq və müqayisədir. İnsan düşünə bilər ki, “onun vəziyyəti məndən yaxşı idi, indi mənimlə eyni vəziyyətə düşdü”. Bu zaman qarşı tərəfin itirdiyi mövqe və ya yaşadığı problem həmin şəxsdə özünü üstün hiss etmək duyğusu yarada bilər.

Başqasının bədbəxtliyinə niyə sevinirik? -

Fotoda: psixoloq Vüsalə Rüstəm

Digər səbəb isə kin və inciklikdir. İnsan keçmişdə həmin şəxsə qarşı mənfi hisslər bəsləyibsə, onun çətin vəziyyətə düşməsini öz daxilində bir növ “haqqın yerini tapması” kimi qəbul edir”.

Vüsalə Rüstəm qeyd edib ki, özünəinamın zəif olması da bu davranışın arxasında dayanan amillərdən biridir. Özünü başqaları ilə davamlı müqayisə edən insan qarşı tərəfin uğursuzluğunu öz dəyərini təsdiqləmək vasitəsinə çevirə bilər: “Başqasının ağrısına və bədbəxtliyinə sevinməyin digər səbəblərindən biri empatiyanın zəif olmasıdır. İnsan qarşı tərəfin yaşadığı hissləri anlamaqda çətinlik çəkdikdə onun ağrısına daha soyuq yanaşa bilər”.

Vüsalə Rüstəm ədalət hissinin təhrif olunmasına da diqqət çəkib. Bildirib ki, bəzi insanlar hadisəni araşdırmadan “o buna layiq idi” qənaətinə gəlirlər. Beləliklə, qarşı tərəfin yaşadığı mənfi hadisəni cəza kimi qəbul edir və buna sevinməyə özlərində haqq qazandırırlar.

Psixoloqun fikrincə, bu cür reaksiyalar insanın daxili dünyası haqqında da müəyyən təsəvvür yaradır. Başqasının bədbəxtliyindən davamlı şəkildə həzz alan insanlarda emosional yetkinlik və daxili rahatlıqla bağlı problemlər ola bilər.

“Sosial şəbəkələr isə bu hisslərin daha asan üzə çıxmasına şərait yaradır. İnsan real həyatda dilə gətirməyə çəkinəcəyi fikri internetdə daha rahat yaza bilir. Nəticədə bir insanın yaşadığı faciə və ya çətinlik minlərlə insanın mühakiməsinə çevrilir”, - deyə Vüsalə Rüstəm qeyd edib.