Okeanın ortasında bir adanın qəfildən peyda olması inanılmaz səslənsə də, təbiətdə belə hadisələrə rast gəlinir. Dünyanın bəzi bölgələrində sualtı vulkanların püskürməsi nəticəsində yeni quru sahələri yaranır. Lakin bu adalar bəzən cəmi bir neçə ay sonra dalğaların altında yox olur.
Metbuat.az xəbər verir ki, bunun ən maraqlı nümunələrindən biri Sakit okeanda, Tonqa ərazisində yerləşən Lateiki adasıdır. 2019-cu ilin oktyabrında sualtı vulkanın püskürməsi nəticəsində yeni ada formalaşıb. Lakin vulkanın fəaliyyəti dayandıqdan sonra okean dalğaları və eroziya adanı tədricən dağıdıb. Nəticədə 2020-ci ilin yanvarına qədər ada tamamilə suyun altında qalıb.
Bu cür adaların ömrünün qısa olmasının əsas səbəbi onların quruluşudur. Vulkan püskürməsi zamanı dənizin səthinə çıxan materiallar əvvəlcə bərk və dayanıqlı görünsə də, güclü dalğaların təsiri ilə sürətlə aşınmağa başlayır. Buna görə bəzi vulkanik adalar cəmi bir neçə ay, digərləri isə bir neçə il mövcud ola bilir.
Alimlər üçün isə belə “itən adalar” böyük əhəmiyyət daşıyır. Onların yaranması və yox olması Yer səthində baş verən dəyişiklikləri real vaxt rejimində müşahidə etmək üçün nadir imkan yaradır. Peyk görüntüləri vasitəsilə alimlər yeni quru sahəsinin necə formalaşdığını, böyüdüyünü və zamanla okeanın suları altında necə itdiyini izləyə bilirlər.