İtaliyanın Sardiniya adasında uzunömürlülüyü ilə seçilən bölgə alimlərin diqqətini çəkib. Burada 100 yaşdan yuxarı insanların sayı dünyanın digər əraziləri ilə müqayisədə olduqca yüksəkdir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Sardiniyanın Nuoro bölgəsi dünyanın “Mavi zona” adlandırılan ərazilərindən biridir. Araşdırmalara görə, bölgə sakinlərinin uzun ömür sürməsində əsas amillərdən biri təbii məhsullarla qidalanmaları və fiziki cəhətdən aktiv həyat tərzi keçirmələridir.

Sardiniyalıların gündəlik qida rasionunda farro adlı qədim taxıl, balqabaq, pomidor, kapari və zeytun yağı mühüm yer tutur. Təzə dəniz məhsulları və yerli qırmızı şərabın da uzunömürlülüklə əlaqəli olduğu bildirilir.

Bölgənin dağlıq və nisbətən təcrid olunmuş coğrafi mövqeyi də insanların həyat tərzinə təsir edib. Yerli sakinlər uzun illər ərzində özlərinin yetişdirdikləri məhsullarla qidalanıb, torpaqla işləyərək daim hərəkətdə olublar. Mütəxəssislər işlənmiş qidalardan uzaq durmağın və fiziki aktivliyin sağlam qocalmada mühüm rol oynadığını qeyd edirlər.