Tədris digər dillərdə aparılan siniflərdə “Azərbaycan dili – dövlət dili kimi” fənninin həftəlik dərs saatları artırılacaq.
Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, 2026–2027-ci tədris ilindən I–IX siniflərdə sözügedən fənnin həftəlik tədris müddəti 3 saatdan 4 saata, X–XI siniflərdə isə 2 saatdan 3 saata yüksəldiləcək.
Beləliklə, bütün siniflər üzrə “Azərbaycan dili – dövlət dili kimi” fənninin ümumi həftəlik dərs yükü 31 saatdan 42 saata çatdırılacaq.
Emin Əmrullayev qeyd edib ki, hazırda təxminən 150 min şagird tədrisin digər dillərdə aparıldığı siniflərdə təhsil alır.
Dəyişikliyin əsas məqsədi şagirdlərin Azərbaycan dilində dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onların təhsilin növbəti mərhələlərində və gələcək peşə fəaliyyətində dövlət dilindən səmərəli istifadəsinin təmin edilməsidir.
Nazir həmçinin bildirib ki, “Azərbaycan tarixi”, “Zəfər tarixi” və “Çağırışaqədərki hazırlıq” kimi bir sıra fənlərin Azərbaycan dilində tədrisi istiqamətində də müvafiq tədbirlər həyata keçirilir.