Sağlamlıq vəziyyətinə görə sertifikasiya imtahanında iştirak edə bilməyən, lakin məktəbdə dərs deməyə davam edən müəllimlərlə bağlı məsələyə aydınlıq gətirilib.
Mətbuat.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı bildirib ki, müəllim dərs otağına daxil olub şagirdlərə dərs deyə bilirsə, prinsip etibarilə sertifikasiya imtahanında da iştirak etmək imkanında olmalıdır.
Nazirin sözlərinə görə, burada əsas məsələ şagirdlərin keyfiyyətli təhsil almasının təmin edilməsidir:
“Əgər müəllim dərs otağına girib dərs demək imkanındadırsa, suallara da cavab vermək imkanında olmalıdır. Əgər sağlamlıq vəziyyəti buna imkan vermirsə, bu, artıq başqa məsələdir”.
E.Əmrullayev qeyd edib ki, müəllimin sağlamlıq vəziyyəti onun dərs deməsinə imkan vermirsə, belə hallarda müvafiq qaydalar tətbiq edilməlidir. Lakin sağlamlıq səbəbindən sertifikasiya imtahanında iştirak edə bilmədiyini bildirən müəllimin eyni zamanda dərs deməyə davam etməsi müəyyən suallar yaradır.
“İnsan gün ərzində dörd-beş saat dərs deyə bilirsə, amma iki-üç saatlıq imtahanda iştirak edə bilmirsə, burada müəyyən uyğunsuzluq yaranır”, – nazir vurğulayıb.
Nazir əlavə edib ki, ayrı-ayrı xüsusi hallara fərdi və humanist yanaşılır. Bununla belə, ümumi yanaşmaya əsasən, müəllim tədris fəaliyyətini davam etdirmək üçün sertifikasiyadan keçməlidir.
Əmrullayev həmçinin bildirib ki, müvafiq qaydalar dəqiqləşdirildikdən sonra yaxın günlərdə ictimaiyyətə əlavə açıqlama veriləcək.