Müəllimlərin qiymətləndirilməsi ilə bağlı növbəti mərhələdə yeni çərçivələrin tətbiqi nəzərdə tutulur.
Mətbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, yeni qiymətləndirmə çərçivələri əvvəlkilərdən əsaslı şəkildə fərqlənməsə də, müəyyən dəyişikliklər olacaq.
“Ötən mərhələlərdən çıxardığımız nəticələr və öyrəndiyimiz məqamlar var. Hansı istiqamətlərdə boşluqların olduğunu görmüşük. Növbəti mərhələdə həmin məsələlərə daha çox diqqət yetiriləcək”, – nazir bildirib.
Emin Əmrullayev çağırışaqədərki hazırlıq rəhbərlərinin qiymətləndirilməsi məsələsinə də münasibət bildirib.
Onun sözlərinə görə, bu istiqamət spesifik sahə hesab olunur. Belə ki, burada təhsillə yanaşı, hərbi hazırlıq məsələləri də mövcuddur.
Nazir qeyd edib ki, çağırışaqədərki hazırlıq rəhbərlərinin qiymətləndirilməsinin hansı formada həyata keçirilməsinin daha düzgün olacağını müəyyənləşdirmək üçün aidiyyəti qurumlarla məsləhətləşmələrə ehtiyac var.