Azərbaycanda şagirdlərin oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinə tədris prosesində daha çox yer ayrılmalıdır.
Mətbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, şagirdlərin nəticələrinə təsir göstərən əsas amillərdən biri tədris metodikası və oxuyub-anlama bacarıqlarının inkişaf səviyyəsidir.
Onun sözlərinə görə, oxuyub-anlama bacarığının aşağı olması şagirdin oxuya bilməməsi və ya oxuduğu heç nəyi başa düşməməsi anlamına gəlmir.
“Oxuyub-anlama bacarığının aşağı olması o demək deyil ki, insan oxuya bilmir və yaxud oxuduğunu ümumiyyətlə başa düşmür. Söhbət insanın əvvəllər tanış olmadığı, üzərində işləmədiyi, dinlədiyi və ya oxuduğu məlumatı tam şəkildə anlayıb mənimsəyə bilməsindən gedir”, – deyə nazir bildirib.
E.Əmrullayev hesab edir ki, mövcud problemin əsas səbəblərindən biri metodik yanaşmadır. Onun sözlərinə görə, tədris prosesində oxuyub-anlama bacarıqlarının formalaşdırılmasına kifayət qədər vaxt ayrılmır.
Nazir vurğulayıb ki, məktəblərdə və müəllimlərin tədris metodikasında bu istiqamətə daha çox diqqət yetirilməli, şagirdlərin yalnız qaydaları öyrənməsinə deyil, məlumatı oxuyaraq təhlil və dərk etməsinə daha çox vaxt ayrılmalıdır.