Yaponiyada bir əsrdən çox yaşayan insanların sayı tarixdə ilk dəfə 100 mini ötüb. Ölkədə 100 yaşdan yuxarı şəxslərin sayının ardıcıl 56 ildir artması diqqət çəkir.
Metbuat.az xəbər verir ki, Yaponiya hökuməti “Yaşlılara Hörmət Günü” münasibətilə ölkənin yaşlı əhalisi ilə bağlı yeni statistik məlumatları açıqlayıb.
Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, sentyabr ayına olan göstəricilər əsasında ölkədə 100 yaşdan yuxarı 107 677 nəfər yaşayır. Bu, ötən illə müqayisədə 7 914 nəfər çoxdur.
Onların 94 298-i qadın, 13 379-u isə kişidir. Yaponiyada ən yaşlı qadın 114 yaşlı Kişimoto Fuyo, ən yaşlı kişi isə 112 yaşlı Kato Hikaru hesab olunur.
Ölkədə 100 yaşdan yuxarı insanların statistikası ilk dəfə 1963-cü ildə aparılmağa başlanıb. Bu kateqoriyaya daxil olanların sayı 1981-ci ildə 1 mini, 1998-ci ildə 10 mini, 2012-ci ildə isə 50 mini keçib.
Yaponiyada orta ömür uzunluğu qadınlar üçün 87,3, kişilər üçün isə 81,3 yaş təşkil edir.