Bakının qədim yaşayış məskənlərindən olan Buzovna təkcə dənizi, qayalıqları, qədim məscid və hamamları ilə tanınmır. Qəsəbənin Azərbaycan kinosunun tarixində də özünəməxsus yeri var. Onilliklər ərzində bir sıra məşhur filmlərin çəkilişləri burada aparılıb, Buzovnanın küçələri, həyətləri, qədim evləri və sahilləri müxtəlif ekran əsərlərində əbədiləşdirilib.
Metbuat.az xəbər verir ki, Buzovnanın kino tarixindəki yeri kifayət qədər zəngindir. “Yeddi oğul istərəm”, “Uzaq sahillərdə”, “Fətəli xan”, “Koroğlu”, “Yuxu”, “Ölüm növbəsi”, “Var olun, qızlar”, “Axırıncı aşırım”, “Axırıncı dayanaq”, “Məmlük”, “Mustafa Şokay” və digər ekran əsərlərinin ayrı-ayrı səhnələri və ya kadrları bu ərazidə lentə alınıb.
Buzovnanın kino ilə əlaqəsi xüsusilə “Yeddi oğul istərəm” filmi ilə diqqət çəkir. Tofiq Tağızadənin 1970-ci ildə ekranlaşdırdığı məşhur əsərin bir sıra səhnələri Buzovnada çəkilib. Çalpapax Kərəmin dəfn səhnəsi də burada lentə alınıb. Qəsəbənin bəzi qədim küçələrində filmin atışma səhnələri çəkilib. Məscid səhnələri və digər epizodlarla yanaşı, Buzovnanın təbii görüntüləri filmin ekran atmosferinə xüsusi kolorit verib.
Buzovna qayalıqları da kinoçəkilişləri üçün maraqlı məkanlardan biri olub. Mədəniyyət Nazirliyinin nəşrlərində qeyd olunur ki, “Koroğlu”, “Yeddi oğul istərəm” və “Qorxma, mən səninləyəm!” kimi filmlərdə Buzovna qayalıqlarının görüntüləri əks olunub. Xəzərin sahilində yerləşən bu mənzərəli ərazi kinorejissorlar üçün hazır dekorasiya rolunu oynayıb.
Buzovnanın kino tarixində daha bir yaddaqalan səhifə “Yuxu” filmidir. Fikrət Əliyevin çəkdiyi ekran əsərinin çəkilişlərinə 1993-cü ildə başlanılıb və filmin əsas məkanlarından biri məhz Buzovna olub. Nəsibə Zeynalova, Səyavuş Aslan, Yaşar Nuri, Zərnigar Ağakişiyeva, İlham Qasımov, Bəhram Bağırzadə və digər tanınmış sənətkarların rol aldığı film Buzovna sakinlərinin yaddaşında da iz qoyub.
2009-cu ildə çəkilən “Ölüm növbəsi” filminin çəkiliş məkanları sırasında da Buzovna olub. Fikrət Əliyevin rejissoru olduğu ekran əsərinin çəkilişləri Buzovna ilə yanaşı, Bilgəh və Novxanıda da aparılıb.
Buzovna yalnız filmlərin çəkildiyi məkan deyil, həm də Azərbaycan səhnəsinə və kinosuna böyük sənətkarlar bəxş edən qəsəbədir.
Bu torpağın yetirdiyi ən məşhur sənətkarlardan biri Sidqi Ruhulladır. Əsl adı Ruhulla Fətulla oğlu Axundov olan böyük aktyor və rejissor 1886-cı ildə Buzovnada anadan olub. O, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri, SSRİ Xalq artisti və Dövlət mükafatı laureatı olub.
Buzovnanın yetirdiyi digər böyük sənətkar Ələsgər Ələkbərovdur. Azərbaycan teatr və kino tarixində silinməz iz qoyan aktyor 1910-cu ildə Buzovnada dünyaya gəlib. O, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Fətəli xan” və digər ekran əsərlərində yaratdığı obrazlarla yadda qalıb.
Azərbaycan kinosunun sevilən aktrisalarından Nəcibə Məlikova da Buzovnada doğulub. Xalq artisti 1921-ci il oktyabrın 25-də bu qəsəbədə dünyaya gəlib. “Ögey ana”, “Arşın mal alan”, “Əhməd haradadır?”, “Aygün” və digər filmlərdə yaratdığı obrazlar onu Azərbaycan tamaşaçısının yaddaşında əbədi yaşadıb.
Qəsəbənin yetirdiyi aktyorlar arasında Cahangir Zeynalov, Sidqi Ruhulla, Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Məlik Dadaşov, Rəfael Dadaşov, Mətanət Atakişiyeva və Mirzə Ağabəylinin adları çəkilir.
Bütün bunlar Buzovnanın Azərbaycan mədəniyyətindəki yerini daha aydın göstərir. Qəsəbənin qədim küçələri, dəniz sahili, qayalıqları, tarixi tikililəri və Bakı kəndlərinə xas memarlığı kino üçün təbii dekorasiya rolunu oynayıb. Buna görə də Buzovnanı Azərbaycanın “Hollivudu” adlandırırlar. Əlbəttə, bu, rəsmi titul deyil. Amma Azərbaycan kinosunun yaddaşında Buzovnanın özünəməxsus çəkiliş meydançası və sənət beşiyi kimi yeri var.