Boliviyada 10 il əvvəl küçədən götürülərək evə gətirilən balaca heyvanın hekayəsi maraq doğurub. Pişik balası hesab edilən canlının böyüdükcə fərqli xüsusiyyətlər nümayiş etdirməsi isə mütəxəssislərin diqqətini çəkib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Boliviyanın Yunqas bölgəsində baş verib. Yağışlı havada palçığa bulaşmış və tək qalmış heyvanı görən bir gənc onu küçə pişiyi zənn edərək evinə aparıb. Lakin zaman keçdikcə canlının davranışları, güclü ov instinkti və xəzinin quruluşu onun fərqli növə aid ola biləcəyini göstərib. Nəticədə heyvan Senda Verde Vəhşi Təbiət Sığınacağına təhvil verilib.

Sığınacaqda mütəxəssislər “Tigrino” adlandırılan heyvanı araşdırmağa başlayıblar. Cənubi Amerikada yaşayan vəhşi pişikkimilərə bənzəsə də, onun xüsusiyyətləri məlum növlərlə tam uyğun gəlməyib.

Məlumata görə, araşdırma zamanı bölgədə yaşayan 38 müxtəlif pişikkimi növün DNT məlumatları müqayisə edilib. Tədqiqatın nəticələrinə əsasən, “Tigrino”nun “Leopardus tilcayo” adlandırılan, əvvəllər təsvir edilməmiş vəhşi pişik növünə aid olduğu bildirilib. Xəbərdə bunun bölgədə təxminən 100 ildən sonra qeydə alınan ilk yeni vəhşi pişik növü olduğu qeyd edilir.

Təxminən 46 santimetr uzunluğunda və 1,4 kiloqram çəkisində olan heyvanın açıq qəhvəyi xəzində tünd, rozet formasında naxışlar var. Onun adi ev pişiyinə bənzəməsi də ilk baxışdan yanlış təsəvvür yaradıb.

Maraqlı kəşfin təəssüf doğuran tərəfi də var. İnsanların himayəsində böyüdüyü üçün heyvanın təbii şəraitdə yaşamaq və ovlanmaq bacarıqlarını lazımi səviyyədə inkişaf etdirə bilmədiyi bildirilir. Bu səbəbdən onun yenidən təbiətə buraxılması mümkün hesab edilmir.