Türkiyədə Azərbaycanın dövlət quruluşuna, rəhbərliyinə və milli maraqlarına qarşı səsləndirilən fikirlər fonunda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi və etik məsuliyyəti müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı Metbuat.az-ın sualını cavablandıran siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyi təsbit edən Şuşa Bəyannaməsinin qüvvədə olduğu bir şəraitdə rəsmi Ankaranın və hakim partiyanın bu cür hallara münasibəti xüsusi əhəmiyyət daşıyır.
Analitik düşünür ki, AKP-nin susqunluğu iki ölkə arasındakı siyasi yaxınlıq və səmimiyyətlə bağlı suallar yarada bilər:
“AKP-nin hakimiyyət partiyası olaraq üç səviyyədə məsuliyyəti var. Dövlət səviyyəsində vəziyyət məlumdur. Azərbaycan və Türkiyə dövlətlərinin ortaq Şuşa Bəyannaməsi var və bu sənəd qüvvədədir. Heç kim bu sənəddən geri çəkilməyib. Müqavilənin yaratdığı məsuliyyətləri də tərəflər daşımalıdır.
Təbii ki, AKP 22 ildir hakimiyyətdə olan partiyadır və onun seçiciləri arasında Azərbaycana münasibətdə fərqli düşünən qruplar var. Bir partiyanın ümumi sağ-milli mühafizəkar qanadı, radikal dini həssaslıqlara malik qrupları, iqtisadi baxımdan liberal düşünən qanadı mövcuddur. Təbii ki, onların hamısının Azərbaycana eyni tonda münasibət göstərməsini gözləmirik. Bunlar məlum məsələlərdir.
Amma kommunikasiya səviyyəsində Azərbaycan tərəfi haqlı olaraq gözləyir ki, qardaş ölkədə Azərbaycanın dövlət quruluşuna, liderinə, rəhbərliyinə və müqəddəs davasına qarşı şər atılmasın, təhqirlərə və bu cür halların təkrarlanmasına yol verilməsin”.
Əziz Əlibəyli hesab edir ki, ən azı AKP-nin sözçüsü və Xarici İşlər Nazirliyi səviyyəsində “Bu, bizim dövlət siyasətimiz deyil” ifadəsi gündəmə gətirilməlidir:
“İkincisi, çox önəmli bir məsələ də var. Türkiyədə sanki bunu göstərməyə çalışırlar ki, hər şey sərbəstdir və tənqid AKP-nin özünə də yönəlib. Lakin biz bilirik ki, Azərbaycanın böyük elçiliyinin qarşısına gəlib mitinq təşkil etmək özü müəyyən məqamlardan xəbər verir. Birincisi, təşkilatçılıqdan, ikincisi isə məqsəddən xəbər verir. AKP bu məsələnin üzərindən öz məsuliyyətindən imtina edə və özünü kənara çəkə bilməz. Bu, mümkün deyil”.
Siyasi şərhçi Azərbaycan əleyhinə ritorikanın mümkün seçki strategiyası kimi istifadə olunması ehtimalını da tənqid edib:
“Azərbaycanı strateji olaraq gündəmdə saxlamaq məqsədilə susqunluq nümayiş etdirmək və bir ordunu Azərbaycanın üzərinə salmaq nə vaxtdan seçki strategiyasıdır? 2028-ci ilin problemli dönəminə doğru AKP süni düşmən yaradaraq bütün seçiciləri konsolidasiya edə bilərmi? Belə bir hədəf varmı?
Ona görə də məsuliyyət məsələsi mütləq şəkildə gündəmdə olmalıdır. Azərbaycan hüquqi məsuliyyət tələb etmir, söhbət siyasi və etik məsuliyyətdən gedir.
Türkiyənin AKP-yə bağlı Kommunikasiya İdarəsi də bu məsələlərdə mövqe ortaya qoymalıdır. Bu qurum Yeni Azərbaycan Partiyasının mövqeyinə münasibət bildirməyə də mükəlləfdir. Nə qədər ki, bu istiqamətdə aydın münasibət ortaya qoyulmur, Azərbaycan nümayiş etdirilən səmimiyyəti, dırnaq arasında desək, yaxınlığı və münasibətləri sorğulamalıdır”, - deyə Əziz Əlibəyli qeyd edib.