“Bir millət, iki dövlət” prinsipini bərabərhüquqlu tərəfdaşlıqdan daha çox, böyük və kiçik qardaş münasibətləri kimi təqdim edən yanaşmalara rast gəlinir.
Bunu Metbuat.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri bildirib.
Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsləri və qətiyyətli mövqeyi Türk Dövlətləri Təşkilatının inkişafına, türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə və ortaq məqsədlər naminə mühüm qərarların qəbuluna töhfə verib. Lakin Türkiyədə bəzi siyasi və dini dairələr, xüsusilə də hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın çevrələr arasında Azərbaycan-Türkiyə münasibətlərinə bu prinsipdən kənar yanaşmalar müşahidə olunur.
N.Azəri qeyd edib ki, hər hansı dövlətin daxili və xarici siyasəti ilə bağlı qərarlarına başqa ölkənin siyasətçiləri, dini xadimləri və ya siyasi partiya nümayəndələrinin müdaxilə cəhdləri yolverilməzdir:
“Qardaşlıq münasibətləri qarşılıqlı hörmət, bərabərlik və bir-birinin müstəqil qərarlarına ehtiram üzərində qurulmalıdır. Bəzi dairələrin bu münasibətləri böyük-kiçik qardaş modeli çərçivəsində təsəvvür etməsi kökündən yanlış və zərərli yanaşmadır.
Biz Azərbaycan olaraq Sovet İttifaqından ayrılıb müstəqilliyimizi ona görə əldə etmədik ki, sonradan özümüzə yeni böyük qardaş axtaraq. Azərbaycan dövlət müstəqilliyini, suverenliyini və milli maraqlarını qorumaq üçün mübarizə aparıb. Bu gün də Türkiyə və türk dünyasının digər ölkələri ilə bərabərhüquqlu tərəfdaşlıq əsasında əməkdaşlıq edirik və bundan sonra da edəcəyik.
Azərbaycanın müstəqil qərarlar qəbul etməsi, addımlar atması və xarici siyasət prioritetlərini müəyyənləşdirməsi suveren dövlət kimi onun ayrılmaz hüququdur. Bunun üçün Azərbaycanın kimdənsə icazə almasına, məsləhət gözləməsinə və ya qərarlarını başqa dövlətin siyasi dairələrinin mövqeyinə uyğunlaşdırmasına ehtiyacı yoxdur”.
İctimai Birliyin sədri hesab edir ki, AKP Azərbaycana qarşı səsləndirilən ittihamlara və iki ölkə arasındakı münasibətlərə xələl gətirən bəyanatlara daha konkret və prinsipial münasibət bildirməlidir. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti Türkiyənin hakim partiyasından aydın mövqe və siyasi məsuliyyətə uyğun davranış gözləyir.
“AKP Azərbaycan-Türkiyə qardaşlığının qorunması və daha da inkişaf etdirilməsi baxımından üzərinə düşən məsuliyyəti dərk etməli, münasibətlərə zərər vuran yanlış yanaşmaların aradan qaldırılması üçün konkret addımlar atmalıdır. Söhbət Türkiyədəki ayrı-ayrı şəxslərlə fikir ayrılığından deyil, iki dövlət arasında qarşılıqlı etimadın, suverenliyə hörmətin və strateji müttəfiqliyin qorunmasından gedir. Həqiqi qardaşlıq bir tərəfin digərinə göstəriş verməsi deyil, hər iki tərəfin bir-birinin hüquq və maraqlarına hörmət etməsidir”.
N.Azəri Türkiyədə, o cümlədən AKP daxilində Azərbaycanla münasibətlərin strateji əhəmiyyətini düzgün qiymətləndirən siyasi qüvvələrin bu məsələdə daha fəal mövqe nümayiş etdirəcəyinə ümid etdiyini bildirib.
“Gözləntimiz Azərbaycana qarşı səsləndirilən əsassız iddialara münasibətdə aydın mövqenin ortaya qoyulması və bu cür yanaşmaların iki ölkənin münasibətlərinə zərər vurmasının qarşısının alınmasıdır. Çünki Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı şəxslərin və siyasi qrupların yanlış təsəvvürlərindən qat-qat böyük tarixi, milli və strateji əhəmiyyətə malikdir”, - deyə N.Azəri vurğulayıb.