Polşada istilik xərclərini azaltmaq üçün maraqlı üsula əl atılıb. Bir usta sobada odun əvəzinə ponçik yandıraraq qeyri-adi təcrübə aparıb. Nəticələr sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, polşalı bir usta sobaya yerləşdirdiyi 133 ədəd ponçiki yandırıb. Təxminən 10 kiloqram çəkisi olan şirniyyatların enerji dəyərinin quru odun briketlərinə yaxın olduğu bildirilib.

Təcrübə zamanı sobanın temperaturu 343 dərəcəyədək yüksəlib. Otağın temperaturu isə 14 dərəcədən 22 dərəcəyədək artıb. Bu istilik beş saatdan çox davam edib.

Təcrübənin diqqətçəkən tərəfi xərc fərqi olub. Polşadakı qiymətlərə əsasən, 10 kiloqram ponçik təxminən 12 zlotiyə başa gəlir. Eyni miqdarda odunun qiyməti isə 19 zlotidir.

Beləliklə, hesablamalara görə, ponçiklər odunla müqayisədə təxminən 37 faiz daha ucuz başa gəlib.

Bununla belə, mütəxəssislər bu üsulun ev şəraitində sınanmaması barədə xəbərdarlıq edirlər. Yağın yüksək temperaturda yanması sobanın həddindən artıq qızmasına səbəb ola bilər. Bundan başqa, bacada yağ qalıqlarının toplanması yanğın riskini artırır.