Meksikada adaya buraxılan 100 qoyun illər ərzində çoxalaraq ekoloji problem yaradıb.

Metbuat.az xəbər verir ki, Sakit okeanda yerləşən Sokorro adasına 1869-cu ildə gətirilən heyvanların sayı 1960-cı ilə qədər təxminən 5 minə çatıb. Qoyunların təbii bitki örtüyünü məhv etməsi torpaq eroziyasını sürətləndirib. Araşdırmalara görə, adanın ərazisinin təxminən 30 faizi bu prosesdən zərər görüb, 2 min hektardan çox təbii bitki örtüyü itirilib. Bildirilir ki, problemin qarşısını almaq üçün 2009-cu ildə genişmiqyaslı əməliyyata başlanılıb. Helikopterlərin də cəlb olunduğu tədbirlər nəticəsində 2012-ci ilədək adadakı vəhşi qoyunların hamısı məhv edilib. Məlumata görə, heyvanların ərazidən çıxarılmasından sonra təbiət tədricən bərpa olunmağa başlayıb.

Araşdırmalar zamanı meşəlik ərazilərdə bitki örtüyünün göstəricisinin 29 faizdən 85 faizə, kolluqlarda isə 19 faizdən 72,5 faizə yüksəldiyi müəyyən edilib. Bununla belə, alimlər adanın əvvəlki təbii vəziyyətinə tam qayıtdığını söyləmək üçün hələ əsas olmadığını bildiriblər.