Dünyada plastik tullantıların yaratdığı ekoloji problemlərə qarşı yeni həll yolları axtarılarkən, tikinti sektorunda diqqətçəkən texnologiya tətbiq olunmağa başlayıb. Kolumbiyada hazırlanan innovativ sistem vasitəsilə təkrar emal edilmiş plastik tullantılardan xüsusi tikinti blokları istehsal edilir. Bu bloklar bir-birinə xüsusi konstruksiya ilə birləşdirildiyindən divarların hörülməsi üçün ənənəvi sement məhluluna ehtiyac qalmır.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, yeni texnologiya həm ətraf mühitin qorunmasına, həm də mənzil tikintisinin sürətləndirilməsinə xidmət edir. Xüsusilə yaşayış evlərinə və sosial infrastruktura ehtiyacın yüksək olduğu bölgələrdə bu üsul daha əlçatan və alternativ tikinti modeli kimi maraq doğurur.
Kolumbiyanın "Conceptos Pladticos" şirkəti tərəfindən hazırlanan texnologiyada plastik tullantılar əvvəlcə çeşidlənir və xüsusi emal prosesindən keçirilir. Daha sonra qəliblərdə formaya salınaraq tikintidə istifadə oluna bilən möhkəm bloklara çevrilir.
Hazırlanan blokların əsas xüsusiyyəti xüsusi birləşmə mexanizminə malik olmasıdır. Bir-birinə keçirilərək quraşdırılan bu hissələr ənənəvi kərpic hörgüsündən fərqli olaraq sement məhlulu olmadan divarların inşasına imkan verir.
Şirkətin təqdim etdiyi sistemlə iki yataq otağı, mətbəx, hamam və yemək sahəsindən ibarət evin modulyar hissələrini təxminən 5 gün ərzində quraşdırmaq mümkündür.
Belə bir evin tikintisində təxminən 6 ton təkrar emal edilmiş plastikdən istifadə olunur. Şirkətin məlumatına əsasən, nümunə yaşayış evlərinin qiyməti 4 min-7 min dollar arasında dəyişir.
Bununla belə, qeyd olunan 5 günlük müddət evin bütün tikinti prosesinin başa çatması demək deyil. Bu vaxta bünövrənin hazırlanması, elektrik və su xətlərinin çəkilməsi kimi əlavə işlər daxil deyil.
Plastik blokların yüngül olması onların daşınmasını və quraşdırılmasını asanlaşdırır. Bundan başqa, istilik izolyasiyası və rütubətə davamlılıq kimi xüsusiyyətləri də bu materialın üstünlükləri sırasındadır.