Amerikalı aktrisa və teleaparıcı Ceni Makkarti yaşadığı sağlamlıq problemlərinə görə milyonluq malikanəsini tərk etmək məcburiyyətində qalıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, məşhur aktrisa həyat yoldaşı, aktyor Donni Uolberqlə birlikdə yaşadığı evdə kif problemi ilə üzləşib. Bu vəziyyət onun səhhətində ciddi fəsadlara səbəb olub.
54 yaşlı Makkarti televiziya proqramında son iki ildə yaşadığı çətinliklərdən danışıb. Onun sözlərinə görə, hər şey diş ağrısı ilə başlayıb. Daha sonra müxtəlif tibbi müdaxilələr, əməliyyatlar və diş problemləri ilə üzləşib. Bununla yanaşı, gözlərində kistalar, ayaqlarında qıcolmalar, üzündə şişkinlik, qida allergiyaları və yuxusuzluq kimi narahatlıqlar da yaranıb.
Aparılan müayinələr nəticəsində sağlamlıq problemlərinin yaşadığı evdəki kiflə əlaqəli olduğu müəyyənləşib. Həkimlərin xəbərdarlığından sonra aktrisa müalicə və bərpa prosesi boyunca malikanəsinin həyətində çadır quraraq orada yaşamağa başlayıb.
Makkarti bildirib ki, əvvəlcə evinin təmiz olduğuna inandığı üçün kiflə bağlı müayinələrə ehtiyac duymayıb. Lakin testlərin nəticəsi onu ciddi şəkildə narahat edib.
Məlumata görə, Ceni Makkarti və həyat yoldaşı 2015-ci ildə Çikaqo bölgəsində yerləşən evi 1,1 milyon dollara alıblar. Cütlük hazırda həmin malikanəni 2,8 milyon dollara satışa çıxarıb.