“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qoşa Qala meydanında xalqımızın 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin Səsi” adlı təntənəli konsert proqramı təşkil edilib.
Metbuat.az xəbər verir ki, Zəfər sevinci bəxş edən tədbir tanınmış incəsənət ustalarının və musiqi kollektivlərinin rəngarəng çıxışları ilə yaddaqalan olub.
Tədbir çərçivəsində Cahangir Cahangirov adına Xor kollektivi, Yusif Cəfərbəyli, Ərəstun Quliyev, Telman Budaqov, Nurlana Abdullayeva, Dəniz Məmmədli, Şölə Səfərəliyeva, Abgül Mirzəliyev, Fəxri İsmayılov, həmçinin rəqs qrupu və “The Passion” simli kvarteti bir-birindən maraqlı ifaları ilə tamaşaçılara unudulmaz anlar bəxş ediblər.
Milli ruhun və qürur hissinin nümayiş olunduğu bu özəl axşamda şəhər sakinləri ilə yanaşı, şəhərimizin qonaqları da Zəfər tariximizin şanlı sevincini birgə yaşayıblar.