Yumurta alarkən ağ və qəhvəyi qabıqlı məhsullar arasında seçim etmək çoxlarını düşündürür. Bəziləri qəhvəyi yumurtaların daha faydalı olduğunu düşünsə də, mütəxəssislər bu fikrin elmi əsası olmadığını bildirir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, yumurtaların qabıq rəngi onları yumurtlayan toyuğun cinsindən asılıdır. Ağ tüklü toyuqlar əsasən ağ, qırmızı və qəhvəyi tüklü toyuqlar isə qəhvəyi qabıqlı yumurta verir.

Hər iki yumurta növünün zülal, vitamin və mineral tərkibi, əsasən, oxşardır. Buna görə də qabığın rəngi məhsulun qida dəyərini müəyyən etmir.

Bəs qəhvəyi yumurta niyə daha bahadır?

Bəzi mağazalarda qəhvəyi yumurtalar ağ yumurtalarla müqayisədə daha yüksək qiymətə satılır. Lakin bu fərq onların daha keyfiyyətli və ya faydalı olması ilə əlaqəli deyil. Qiymət fərqi əsasən istehsal və satış xərcləri ilə bağlıdır.

Mütəxəssislər yumurta alarkən qabığın rəngindən daha çox son istifadə tarixinə, təmizliyinə və bütövlüyünə diqqət yetirməyi tövsiyə edir. Həmçinin məhsulun uyğun şəraitdə saxlanılması da vacibdir.