Boliviyada Martin adlı xoruzun sədaqət dolu hekayəsi insanları təsirləndirir. O, təxminən 8 ildir eyni xəstəxananın qarşısına gəlir. Bu qeyri-adi davranışının arxasında isə kədərli bir hadisə dayanır.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Martin Boliviyanın Santa-Kruz-de-la-Syerra şəhərində yerləşən Onkologiya İnstitutunun qarşısında yaşayır. O, illər əvvəl xərçəng xəstəliyindən müalicə alan sahibi ilə birlikdə xəstəxanaya gəlib. Lakin sahibinin vəfatından sonra da buranı tərk etməyib.
Xəstəxananın sosial xidmət əməkdaşı Rozmari Qvardiənin sözlərinə görə, xəstənin ölümündən sonra Martin xəstəxananın girişində qalmağa davam edib. Heyvanların binaya və həyətə daxil olmasına icazə verilmədiyindən xoruz həyatını girişin qarşısında davam etdirib.
Artıq Martin xəstəxana əməkdaşlarının, xəstələrin, ziyarətçilərin və ətrafdakı sakinlərin sevimlisinə çevrilib. Onu hər gün yemləyir, su verir, qayğısına qalırlar. Juan Klaros adlı yerli sakin isə xoruzun dırnaqlarını belə kəsir. Bildirilir ki, Martin ən çox yerfındığını sevir, partlamış qarğıdalıya da xüsusi maraq göstərir.
Maraqlıdır ki, xoruz gecələr yaxınlıqdakı ağacda yatır, səhər saat 06:00 radələrində isə oradan enərək yenidən xəstəxananın qapısına gəlir.