2015-ci il üçün “Gənclər paytaxtı”nın seçiminə başlanılır

17:23 23 Yanvar 2015
184 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq, 2012-ci ildən başlayaraq Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla ölkənin şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan olunur.
“Gənclər paytaxtı”nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Azərbaycanın “Gənclər paytaxtı” 1 il müddətinə seçilir. Seçildiyi müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verir.
Seçim iki mərhələdə həyata keçirilir. İlk mərhələdə Təşkilat Komitəsi tərəfindən namizədliyi irəli sürülən şəhər və rayonlar arasında təqdim olunan sənədlərə əsasən seçim aparılıb, səsvermə siyahısı formalaşdırılıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu il "Gənclər paytaxtı"nın seçimi ilə bağlı elan edilmiş müsabiqəyə 26 şəhər (rayon) tərəfindən namizədlik irəli sürülüb, onlardan 11-i səsvermə siyahısına daxil edilərək ikinci mərhələyə buraxılıb. İkinci mərhələ ötən illərdə də olduğu kimi internet səsverməsi vasitəsi ilə həyata keçirilir.
Artıq yanvarın 24-də start götürəcək səsvermə fevralın 1-də saat 23.59-da yekunlaşacaq. 2015-ci ilin "Gənclər paytaxtı"nın adı isə fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək tədbirdə rəsmi elan ediləcəkdir.
Azərbaycanın "Gənclər paytaxtı"nın seçilməsində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər. Səsvermə www.genclerpaytaxti.az internet saytı vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, indiyədək Gəncə (2012-ci il), Biləsuvar (2013-cü il) və Quba (2014-cü il) şəhərləri “Gənclər paytaxtı” adını qazanıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR