Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və bu elm müəssisəsinin bir qrup əməkdaşı ilə görüş olub.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, qonaqlar İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm kompyuter şəbəkəsi, Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri, “İnformasiya texnologiyaları” nəşriyyatı, Elmi Tədqiqatlar və Elektron Kitabxana mərkəzlərində görülən işlər, həyata keçirilən layihələr, həmçinin internet-kafenin fəaliyyəti və müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla tanış olublar.
Sonra “dəyirmi masa” keçirilib.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev elmi-texniki sahənin innovativ inkişafına, elm və təhsilin inteqrasiyasına xidmət edən hər bir elmi tədqiqat müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və dövrün tələblərinə cavab verən gənc kadrların hazırlanmasının prioritet məsələlərdən olduğunu bildirib.
İnstitutun fəaliyyət istiqamətləri barədə məlumat verən alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, informasiya texnologiyaları sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı, elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində elm müəssisəsində görülən işlərdən söz açıb. İnstitutun informasiya-kommunikasiya texnologiyaları sahəsində qəbul olunmuş dövlət proqramlarında fəal iştirak etdiyini diqqətə çatdırıb.
Sonda əməkdaşlıqla bağlı müzakirələr aparılıb. İnformasiya Texnologiyaları İnstitutu və İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb. Birgə layihələrdə iştirak və təcrübə mübadiləsinin aparılmasının hər iki qurumun gələcək fəaliyyətinin daha səmərəli təşkilində mühüm rol oynayacağı bildirilib.