Malayziyanın hakimiyyət dairələri Reyunyon sahillərinə ekspertlər yollayaraq orada tapılmış təyyarə qalıqlarının ötən ilin martında yoxa çıxmış MH370 reysli avialaynerə məxsus olub-olmadığını yoxlayacaqlar.
Bunu Malayziyanın nəqliyyat naziri Liou Tionq Lay deyib.
Milli.Az ABC-yə istinadən bildirir ki, ekspertlər qalıqların MH370 reysi ilə uçmuş Boeing 777 təyyarəsinin qırıntıları olduğuna şübhə etmirlər.
Təyyarənin sahibi "Malaysia Airlines" aviaşirkəti qalıqlarla bağlı konkret fikir bildirməyin hələ tez olduğunu bəyan edib.
Təyyarə qanadının bir hissəsinə bənzəyən qırıntını srağagün fəhlələr Hind okeanındakı Reyunyon adasının sahillərində aşkarlayıblar. Bu ada Fransa ərazisi sayılır.
Qanad hissəsi balıqqulaqları ilə örtüldüyündən onun uzun müddət okean sularında qaldığı güman edilir.
Qalıq araşdırmalar üçün fransız müstəntiqlərə verilib.
Aviasiya təhlükəsizliyi sahəsində ekspert olan Ksavye Titelman bloqunda və Twitter-dəki profilində də qanad qırıntısının itmiş avialaynerin qalığı olduğunu yazıb: "Qanad qırıntısında təyyarəni müəyyənləşdirməyə imkan verən nişanlar var. Əgər bu təyyarənin bir hissəsidirsə, orada identifikasiya nömrəsi olmalıdır".
"Malaysia Airlines" aviaşirkətinin MH370 reysi ilə Kuala-Lumpurdan Pekinə uçan Boeing 777 təyyarəsi 2014-cü ilin martın 8-də yoxa çıxmışdı. Təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı.
Milli.Az










