Rusiya 2014-cü ilin iyulunda baş vermiş MH17 təyyarə fəlakətinin araşdırılması məqsədilə beynəlxalq tribunal yaradılması barədə BMT qətnamə layihəsini özünün veto hüququ ilə bloklayıb.
Rusiya BMT Təhlükəsizlik Şurasının 15 üzvü arasında bu qətnaməyə qarşı çıxan yeganə ölkə kimi qətiyyətlə pislənib.
Malayziya Hava Yollarına məxsus təyyarənin Amsterdamdan Kuala Lumpura uçarkən şərqi Ukrayna üzərində qəzaya uğraması nəticəsində 298 nəfər həlak olub.
Milli.Az BBC-yə istinadən bildirir ki, bu ərazidəki Rusiya yönlü qiyamçılar təyyarəni vurduqları barədə ittihamları təkzib edirlər.

Rusiya BMT-nin beynəlxalq tribunal qətnaməsinə veto qoyub
Qərb dövlətləri və Ukrayna bildirir ki, təyyarənin bölgəyə Rusiya tərəfindən göndərilmiş Buk raketi ilə vurulmasını göstərən dəlillər var. Rusiya bu iddianı rədd edir.

"Kobud hörmətsizlik"

Malayziya məsuliyyət daşıyanların mühakimə edilməsi məqsədilə beynəlxalq tribunalın yaradılmasına çalışır.
Bu təşəbbüs hadisə zamanı 196 vətəndaşını itirmiş Holandiya, habelə Ukrayna, Belçika və Avstraliya tərəfindən dəstəklənir.
Moskva baş vermis fəlakətə görə Kiyev hökumətini ittiham edir.
Bu ayın əvvəllərində çıxış edən Rusiya prezidenti Vladimir Putin demişdi ki, tribunalın yaradılması "vaxtından əvvəl atılmış addım" olardı və "əks-nəticə" verərdi.
Rusiya ötən çərşənbə günü Təhlükəsizlik Şurasının Nyu Yorkda keçirilən sessiyasında 11 üzvün qətnamə layihəsini dəstəkləməsinə baxmayaraq, sənədin əleyhinə özünün veto hüququndan istifadə edib. Anqola, Çin və Venesuela səsvermədə bitərəf qalıb.
"Rusiya hüzn keçirən ölkələrdə ictimaiyyətin etirazlarına kobud hörmətsizlik edib" - deyib ABŞ-ın BMT-dəki elçisi Samantha Power.
Avstraliyanın Xarici İşlər naziri Julie Bishop Rusiyanın vetosunu "MH17-nin 298 qurbanı və onların ailə və dostları üçün təhqir" adlandırıb.
O təfərrüatlara varmadan bəyan edib ki, Avstraliya, Malayziya, Hollandiya, Ukrayna və Belçika alternativ mühakimə mexanizmi axtaracaqlar.

Rusiya BMT-nin beynəlxalq tribunal qətnaməsinə veto qoyub
Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib: "Əgər hadisəni özün törətməmisənsə, bu qətnaməyə qarşı çıxmağın üçün heç bir səbəb olmamalı idi".
Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin öz ölkəsinin mövqeyini müdafiə edərək bildirib ki, hər hansı cinayət təhqiqatı "qapalı tərzdə" aparılmalı idi.
O həmçinin "aqressiv təbliğatı" tənqid edib və deyib ki, Rusiya təhqiqatçılarına qəza ərazisinə bərabər giriş verilməyib.
Moskvanın təklif etdiyi alternativ qətnamə layihəsinə tribunal daxil deyil, lakin tam beynəlxalq təhqiqata çağırış edilir.
Malayziyanın nəqliyyat naziri şura üzvlərini tribunalın leyhinə səs verməyə çağırıb, çünki onun təbirincə deyilsə, "bu, qurbanların ailələri üçün ədaləti ən münasib şəkildə təqdim edir".
Qəzanın səbəbi barədə Hollandiya Təhlükəszilik Şurasının hesabatı oktyabr ayında açıqlanmalıdır.
Milli.Az