Dünyadakı Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatıb

Dünyadakı Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatıb
17:39 26 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Diasporla İş üzrə Dövlət Komitəsi 2014-cü ilin yekunlarına dair hesabatını açıqlayıb. Komitədən Lent.az-a verilən məlumata görə, ötən il ərzində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən 557 tədbir və layihə həyata keçirilib. Bu tədbirlər əsasən xaricdəki azərbaycanlıların təşkilatlanması, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsinin artırılması, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, habelə diaspor təşkilatları arasında Azərbaycan naminə əməkdaşlığın daha da gücləndirilməsi və inkişafı, lobbi quruculuğu kimi istiqamətləri əhatə edib.
Dövlət Komitəsinin hesabatında bildirilir ki, ötən il ərzində keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlərin ən önəmlisi Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və digər təşkilatlarla əməkdaşlıq çərçivəsində II Qlobal Açıq Cəmiyyətlər Forumudur. Əksəriyyəti sabiq ölkə və hökumət rəhbərləri olan 54 ölkədən 150-dən çox nümayəndənin iştirak etdiyi forumda dünyanı narahat edən problemlər və onların həlli yolları müzakirə olunub.

 Ötən il Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın, erməni diaspor və lobbi qruplarının anti-təbliğat kampaniyalarının qarşısının alınması məqsədilə 189 layihə reallaşdırılıb. ABŞ, Kanada, Almaniya, Türkiyə, BƏƏ, İsveç, Litva, Gürcüstan, Rusiya və digər ölkələrdə diaspor təşkilatlarımız tərəfindən müxtəlif məzmunlu tədbirlər, kütləvi etiraz aksiyaları, konfrans və seminarlar təşkil olunub.


Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı 100-ə yaxın tədbir təşkil olunub, xarici KİV-də faciə ilə bağlı materiallar verilib, soydaşlarımız yaşadığı ölkələrin dövlət və hökumət strukturlarında görüşləri olub, onlara müraciət və məktublar ünvanlanıb. Diaspor təşkilatlarımız, həmçinin, Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” kampaniyasına fəal şəkildə dəstək verməyə çalışıb.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması, tarixi Vətənlə əlaqələrinin gücləndirilməsi əsas vəzifələrdən olub. Xüsusilə gənclərin, ictimai-siyasi xadimlərin diaspor quruculuğu işinə cəlb olunması və bu istiqamətdə onların fəallığının artırılması prioritet təşkil edib. Ötən diaspor təşkilatlarının sayında da artım olub və hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatıb.


Hesabat dövründə soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə 65 tədbir keçirilib.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191524

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR