x
Loading...

“Kütləvi çıxarış” kampaniyasından Zərdab rayon sakinləri yararlanıb

“Kütləvi çıxarış” kampaniyasından Zərdab rayon sakinləri yararlanıb
13:58 4 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+
.


Bakı, 4 sentyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsinin rahat və operativ xidməti olan “kütləvi çıxarış” kampaniyasından sentyabrın 4-də Zərdab rayon sakinləri yararlanıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, “kütləvi çıxarış”ın regionlarda təşkilinin məqsədi vətəndaşın xidmətə çatması deyil, xidməti vətəndaşa çatdırmaq, vaxta qənaət, rahatlıq və çevikliyi təmin etməkdir. Kampaniyanın Zərdab rayonunda keçirildiyi müddətdə 400-dək sakinə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Belə ki, 240-dək vətəndaşa dövlət reyestrindən çıxarış verilib, 160-dək vətəndaşdan daşınmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib. Kampaniya çərçivəsində Zərdab rayonunun bir sıra ahıl və fiziki məhdudiyyətli vətəndaşları birbaşa öz evlərində qeydiyyat xidmətlərindən faydalanıblar.
“Kütləvi çıxarış” kampaniyası əvvəllər yalnız xüsusi sosial təbəqədən olan və əvvəlki illərdə müxtəlif qurumlar tərəfindən verilmiş mülkiyyətə dair sənədlərin çıxarışlarla əvəz olunmasını nəzərdə tuturdusa, indi isə ümumiyyətlə vətəndaşların daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması ilə bağlı bütün xidmətləri əhatə edir. Kampaniya bir sıra şəhər və rayonlarda, o cümlədən Gəncə, Şəki, Mingəçevir, Zaqatala, Şamaxı, Şirvan, Qusarda keçirilib. Bir ilə yaxındır davam edən sosial kampaniya çərçivəsində ümumilikdə 4 min 750-dək vətəndaşa xidmət göstərilib.
Qeyd edək ki, kampaniya ilə paralel olaraq komitənin mobil ofis xidmətləri də fəaliyyətini davam etdirir. Bu xidmətlə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) respublika üzrə fəaliyyət göstərən mobil ofis xidmətinin aylıq qrafiki yerləşdirilir. Vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilirlər. Mobil ofislər qeydiyyat xidmətlərini vətəndaşların ünvanına çatdırır. Belə xidmətlər fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlakın yüklülüyünə dair arayışların verilməsi ilə bağlıdır. Eyni zamanda, daşınmaz əmlaka dair texniki pasportların tərtibi, dəyişdirilməsi, dəqiq çöl-ölçmə işlərinin aparılması həyata keçirilir. Vətəndaşlara təkrar bazarda alqı-satqıdan sonra texniki pasportların da dəyişdirilməsinin zəruriliyi çatdırılır. Bununla bağlı onlara hüquqi yardımlar göstərilir. Ötən ilin aprel ayından tətbiq olunan mobil ofis xidmətlərindən isə bütün respublika üzrə 71 minə yaxın vətəndaş yararlanıb.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kutlevi_chixaris_kampaniyasindan_Zerdab_rayon_sakinleri_yararlanib-882035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR