Bağ mövsümünün sonunda "Bağ mövsümü"nün iştirakçıları Milli.Az-a danışdılar.
"...Bizim rayonda toyuqlar var idi ki, rəngi alabəzək, göy qurşağı kimi... amma indi hərdən ki, yolum düşür o doğma yerlərə, baxıb nə görsəm yaxşıdı - toyuq-cücənin rəngi ağappaq, inkubatorski..."
Fərdilik, toplumun içində itib-batmamaq, öz rəngini-ruhunu qoruyub-saxlamaq hissi adamların içində yaşayan tələbat olsa da, zahiri aləm bu hissə qənim kəsilən situasiyalarla çox zəngindi. Yəqin etiraz edən olmaz ki, xüsusən bizim cəmiyyətə belə qarşıdurma daha çox xasdı. Təəssüf ki...
1985-ci ildə, yenidənqurma ilində, ekranlara C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı və xalq yazıçısı Elçinin "Dolça" povestinin ekranlaşdırma versiyası olan "Bağ mövsümü" tammetrajlı rəngli filmi çıxdı. Filmin personajlarından birinin, Ağamirzənin, bu nisgilli sözləri insanla ətraf mühit, təbiət arasındakı harmoniyanın itməsi nəticəsində inkubatorlaşmaya zəif də olsa, etiraz, şəxsiyyət amilinin ən birinci tərkib hissəsi olan fərdilik prinsipinin xəfif həsrəti kimi səslənir. Flora və fauna aləmi belə sapıntılara çox həssas olduğu üçün Toplan adlı köpək süjetin hərəkətverici qüvvəsinə çevrilir.
Filmin quruluşçu rejissoru Tofiq Tağızadə, ssenari müəllifi Elçin, quruluşçu rejissoru Elxan Əliyev, rəssamı Kamil Nəcəfzadə, bəstəkarı Xəyyam Mirzəzadədir. Filmdə Leyla Şıxlinskayanın ifa etdiyi Əminə obrazını Zərnigar Ağakişiyeva, Hacımurad Yagizarovun ifa etdiyi Kələntər obrazını Rasim Balayev, Mirzə Babayevin ifa etdiyi Cabbar obrazını Yaşar Nuri, Aleksandr Şarovskinin ifa etdiyi Rəhman obrazını Eldəniz Rəsulov, Elxan Cəfərovun ifa etdiyi Adil obrazını Pərviz Bağırov səsləndiriblər. Şahmat epizodunun filmə salınması ideyası Ramiz Əzizbəyliyə məxsusdu. Filmdə Xulio İqlesiasın "Pobre Diablo" mahnısının lent yazısından istifadə olunub. Rolları Həsən Məmmədov (Ağababa), Zenfira Sadıqova (Ağabacı), Səməndər Rzayev (Ağamirzə), Leyla Şıxlinskya (Əminə), Hacımurad Yagizarov (Kələntər), Nuriyyə Əhmədova (Xeyransa), Ramiz Əzizbəyli (Əmirqulu), Yelena Seropova (Nailə), Elxan Cəfərov (Adil), Mirzə Babayev (Cabbar), Hamlet Qurbanov (Səttar), Aleksandr Şarovski (Fərman), Tələt Rəhmanov (Ağacəfər), Eldəniz Zeynalov (Əlisahib) və digər aktyorlar ifa edirlər.
"Bağ mövsümü" filmində Ağabacı rolunun ifaçısı Zenfira Sadıqova və Adil rolunun ifaçısı Elxan Cəfərov filmlə bağlı xatirə və təəssüratlarını danışdılar.
Z.Sadıqova:
"Ağabacı roluna Səfurə İbrahimova ilə Elmira Şabanovanı da sınaq çəkilişlərinə dəvət etmişdilər. Amma Bədii Şuranın üzvləri məni təsdiq etdilər. 50 illik yaradıcılıq həyatımda heç bir rejissor mənə heç nəyi başa salmayıb. Həmişə, sadəcə, vəziyyəti oynamışam. Çəkilişlər Mərdəkanda bir akademikin, deyəsən, soyadı Nağıyev idi, evində və kinostudiyanın pavilyonunda aparılıb. Iki ay müddətində çəkilişlər gedən vaxt havalar çox isti keçirdi. Aktrisalardan biri üçün ssenaridə olmayan əlavə epizodlar çəkildi, şəxsən mənim iştirakımla çəkilən bəzi epizodlar isə kəsildi. Nəticədə filmin xronometrajı qısa alındı. Məsələn, Həsən Məmmədovla mənim daha bir dialoqum var idi. İtlə anlaşmanı göstərən çox yaxşı bir epizod da çəkilmişdi. Bunlar montaj olunub.
Həsən Məmmədov çox dəqiq, peşəsini, davranışını bilən tərəf-müqabili və insan idi. Mən heç vaxt onun bərkdən güldüyünü eşitmədim. Haqqında, məmnuniyyətlə, danışmaq istədiyim tərəf-müqabillərimdən biri də Nuriyyə Əhmədovadı. Rolunu çox təbii ifa eləyən aktrisalardandı. Ümumiyyətlə, çəkiliş qrupunun tərkibi çox gözəl idi. Hamı öz işinə məsuliyyətlə yanaşırdı. Geyim rəssamından xüsusilə gözəl təəssürat qalıb."
E.Cəfərov:
"O filmə çəkiləndə qəhrəmanım kimi mən də məktəbi yenicə bitirmişdim, instituta daxil olmağa hazırlaşırdım. Uşaqlığım kinostudiyada keçdiyi üçün mənə uyğun rol olanda rejissorlar daha başqa namizəd axtarmırdılar. Bu filmdə də belə olmuşdu. Amma ondan əvvəl çəkildiyim filmin üstündən xeyli vaxt keçdiyi üçün utancaqlığım qayıtmışdı. Tərəf-müqabillərim olan görkəmli sənətkarlar Səməndər Rzayev, Hamlet Qurbanov, Həsən Məmmədov, Mirzə Babayevin xatirələrinə, Hacı Murad Yagizarova sonsuz minnətdaram ki, mənə dayaq olurdular, utancaqlığı dəf etməyimə kömək edirdilər. Onlarla eyni çəkiliş meydançasında olduğuma görə taleyimə təşəkkür edirəm. Mən keçmişə köklənən adam deyiləm, gələcəyə baxmağa üstünlük verirəm. Amma kinomuzun o dövrünü xatırlayanda, ondan da əvvəl çəkilmiş filmlərə bu gün baxanda "Azərbaycanfilm" kinostudiyasının parlaq bir dövr keçdiyinin fərqinə varmamaq mümkün deyil. Təsadüfi deyil ki, bizim kinostudiya öz miqyasına görə keçmiş SSRİ üzrə, səhv eləmirəmsə, üçüncü yeri tuturdu.
Konkret olaraq bu filmlə bağlı xatirələrimdən biri, yeri gəlmişkən, filmin ilkin adı itin əsl adı ilə bağlı olaraq "Kumqan" idi. Tofiq müəllimlə (quruluşçu rejissor Tofiq Tağızadə-red.) bağlıdı. O, müharibə iştirakçısı olmuşdu və döyüşlərin birinin nəticəsində bir əlinin üç barmağını itirmişdi. Hansısa epizodu izah edəndə həmin əlini qadırıb deyərdi: "Mən kinonu beş barmağım kimi bilirəm."
Filmlə bağlı duyğusal təəssüratımı isə indiyə kimi unuda bilmirəm. Əsgərlik xidmətim yenicə başlamışdı, Sevastopolda dəniz donanmasında qulluq eləmişəm, özü də karantin dövrü idi, Bakıdakı dostlarım filmdə Adilin dəniz sahilində Nailənin (Yelena Seropova) rəsmini çəkdiyi epizodun fotoşəklini mənə göndərmişdilər. Evdən, ailədən uzaq bir yerdə o şəkli görmək, çəkiliş vaxtlarını yenidən xatırlamaq məndə qeyri-adi hisslər oyatmışdı, çox güclü təsir eləmişdi. Yelena Seropova yaşca məndən böyük idi, o yaşda gənclərə özündən böyük qızlara vurulmaq xas olan cəhətdi. Mən də istisna deyildim - tərəf-müqabilim olan bu qıza yüngülvari vurulmuşdum".
Filmin personajlarından birinin, Ağamirzənin, yuxarıda verdiyimiz bu nisgilli sözləri insanla ətraf mühit, təbiət arasındakı harmoniyanın itməsi nəticəsində inkubatorlaşmaya zəif də olsa, etiraz, şəxsiyyət amilinin ən birinci tərkib hissəsi olan fərdilik prinsipinin xəfif həsrəti kimi səslənir. Flora və fauna aləmi belə sapıntılara çox həssas olduğu üçün Toplan adlı köpək süjetin hərəkətverici qüvvəsinə çevrilib.
Samirə Behbudqızı
Milli.Az












