Milli.Az müğənni Xatunun aile.lent.az-a müsahibəsini təqdim edir.

- 5 il bundan öncə müsahibələrinizin birində demisiniz ki, sizi aldatmaq asandır və çox aldanmısınız. Davam edir?

- Bu yaxınlarda belə qərara gəlmişəm ki, insanın xarici görünüşündə dəyişikliklər ola bilər, amma daxilən saf doğulursansa, heç vaxt dəyişməyəcəksən. Elə insan var, o qədər təmizdir ki, bu yandan baxanda o yanını görə bilirsən. Özüm haqqında bunu demirəm. Amma tez aldanıram. Mən elə bilirdim ki, həyatda pis adam yoxdur, heç kim heç kimə pislik etmir. Çünki özümün heç vaxt kiməsə pislik etmək niyyətim olmayıb. Məsələn, deyirdilər, filankəsə qoşulma, səni pis yerə yönləndirir, inanmırdım. Düşünürdüm ki, insanın öz ağlı, şüuru varsa, belə şey ola bilməz. Amma doğrudan da bəzi insanlar mələk cildinə girib adamı yoldan çıxarır, aldadır. Əlbəttə, aldananda bundan dərs götürməlisən. Dərs götürməyi bacarıram. Lakin bəzi məqamlarda hətta balaca uşaq da məni aldada bilir.

İnsanlara inandıqca çox əziyyət çəkirəm. Başıma bir iş gələndə birinci özümdə günah axtarıram. Sonra özümə deyirəm ki, əcəb oldu sənə. Bizim müğənnilərimizdən bəzilərinin geyindiyi brend dükan var, bu yaxınlarda mən də ora getmişdim. Dostum Zamiq olmasaydı, məni göz görə-görə aldadırdılar. Oradan çıxdıq gəldik. Amma bir gün özümə gələ bilmədim. Söz verdim ki, artıq getdiyim yerləri də seçəcəm.

- Əks cinsə necə, tez inanırsınız?

- Mən görünüş, var-dövlət, maşın, pul, brend geyimlər sevən xanım deyiləm. Qəlbimi almaq istəyən kişinin mütləq insani keyfiyyətləri olmalıdır. Normal yaxınlaşmalı, ünsiyyət qurmalı, özünü sevdirməlidir. Kiminsə maşınına, evinə, vəzifəsinə, görünüşünə aldanan qadın deyiləm. Daha çox kiməsə yazığım gələndə aldanıram. Aşırı dərəcədə yaxşılıq edirəm, əl tuturam, sonra görürəm ki, o, məni aldadır. Məsələn, yaxın olduğum insan məni aparıb alverçinin yanına, geyim almışam və ondan faiz götürüb. Amma bir kişinin məni aldatması bir az çətin məsələdir. İlk növbədə məni aldadıb görüşmək olmaz, ikincisi isə aldanıb münasibət qurmağım mümkün deyil. Qadın-kişi münasibətində mənim kimi eqoist insan ola bilməz, özümü fikirləşənəm, özümü çox istəyirəm. Bu mövzuda isə oturub hər detalı fikirləşirəm: hansı addımı atsam, qarşılığı necə olar, hansı sözü desəm, hansı cavabı alaram, zəng edərəm, cavab verməz və s. Mən ona, ailəsinə, nəslinə-kökünə, işinə, ətrafına güvənməliyəm. Bir insanla münasibət qurmağım üçün onun haqqında hər şeyi bilməliyəm.

- Bir kişi sizin diqqətinizi necə cəlb edə və həyatınıza girə bilər?

- Mənim köməkçilərim var və onlarda nömrələrim var. Heç vaxt kiminsə birbaşa mənə zəng vurmağının tərəfdarı olmamışam. Kiminsə mənimlə sosial şəbəkələr vasitəsilə və ya toyda, şənlikdə münasibət qura bilməsi mümkün deyil. Belə şeylərə çox pis baxıram. Mənim diqqətimi çəkmək istəyən insan bunu özü bacarmalıdır. Məncə, əsl kişi qadının qəlbinə girmək yollarını özü tapmalıdır. Əgər özü tapa bilmirsə, mən ona heç nə öyrədə bilmərəm.

- Qadın müğənnilər hər zaman diqqət mərkəzindədir. Düşünmədən hər təklifi edə bilən kişilər də az deyil...

- Qadın müğənnilər ilk növbədə özləri haqqında imic formalaşdırmalıdırlar. Toya, şou- proqrama gedəndə və ya adi insanlar arasında olanda birbaşa gəlib mənə nəsə demək heç kimin həddi deyil. Çünki efir vasitəsilə, geyimlərim, davranışlarımla özüm haqqında müəyyən təqdimat etmişəm. Məni görənlərin üzündə yalnız təbəssüm olur. O da parodiyalarımla bağlıdır. İlk növbədə parodiyalarıma kompliment edirlər. Adi insanlar elə fikirləşir ki, müğənninin ölüsü olmaz, müğənni gecə toydan çıxıb evə getmir. Bizim bir çox ailəli, əxlaqı təmiz müğənnilərimiz var. Məsələn, Samira, Elnarə Xəlilova, Lalə Məmmədova abırlı-həyalı, öz işləri ilə məşğul olan, ailəyə bağlı xanımlardır. Əgər kimlərsə nəyisə səhv salırlarsa, hansısa müğənniyə nəsə deyirlərsə, məncə, bu elə müğənninin özündən asılıdır. Şəxsən mən qarşı cinsin nümayəndəsi tərəfindən neqativ hallarla rastlaşmıram. Maşını da özüm idarə etmirəm, sürücüm var. Çünki istəmirəm kimsə mənə baxsın, ya nəsə desin. Özüm üçün elə həyat qurmuşam ki, orada artıq söhbət ola bilməz. Gedirəm, oxuyuram, gəlirəm evimə. Mənə nəsə deməyə heç kimin cürəti çatmaz.

- Belə anlaşılır ki, sizə məhəbbət etiraf etmək çətindir?

- Çox! Toyda, şənlikdə məhəbbət etirafı eşitməyi sevmirəm. Yüngül şeylər mənlik deyil. Buradan bunu bir daha bəyan edirəm. Mən heç vaxt, heç bir yerdə kişilərlə şəkil çəkdirmirəm. Ümumiyyətlə, istərdim ki, mobil telefonlarla şəkil çəkdirməyi də yığışdıram. Amma xanımlarla şəkil çəkdirirəm, çünki xanımların qəlbinə dəymək olmaz.

- Buna səbəb öz qadağalarınızdır, yoxsa sizə qadağa qoyan var?

- Mən artıq tanınmış bir insanam. Hər dəfə də öz yaradıcılığıma baxanda pillə-pillə qalxmağımın şahidi oluram. Arzusunda olduğum şeyin vaxtını gözləməmişəm, amma onun həyata keçməsi məni sevindirib. Hər zaman səbr edirəm, çünki hər şeyin bir vaxtı var. Amma öz üzərimdə çalışıram, istəklərimə doğru gedirəm. Bu gün həyatımda bir düzənim, öz qazancım, nüfuzum, sevənlərim, ad-sanım var. Artıq mən ən çox özümü, öz hörmətimi düşünürəm. Tutaq ki, mənim həyatımda bir insan var, axı, o hər zaman mənim yanımda deyil. Ona görə də birinci özüm-özümü qorumalı, qiymətləndirməliyəm. Çünki Xatun adı var. O ada toxunmaq olmaz. Valideynlərimin, inandığım insanların məsləhətlərini eşidə bilərəm. Lakin özümə qadağaları özüm qoyuram. Bir addım atanda ilk növbədə özümü, sonra oğlumu, atamı, qardaşlarımı düşünürəm. Bir ailə məclisinə gedəndə deməsinlər ki, "Xatun elə gəlib burdan mahnısını oxuyub çıxıb getsin". Çalışıram ki, insanlar məni öz ailələrinin içərisinə buraxsınlar. Öz şüurum var və kiminsə qoltuğunun altında özümə sığınacaq axtarıb tapmağa ehtiyacım yoxdur. İstəmirəm ki, kiminsə adına görə mənə hörmət etsinlər. Mənə hər zaman qardaşım Balaş maddi dəstək olub. Özüm də çox zəhmətkeşəm və ağır yol seçdiyimin fərqindəyəm. Bəzən beş saat toyda canlı oxuyuram, ayağımda corab cırılır yapışır ayaqqabıya, ayağım ağrıyır, amma mən hiss etmirəm. Lakin qadın elə bir varlıqdır ki, hər zaman qorunmağa ehtiyacı var. Qadınlar maşın da sürsələr, pul da qazansalar, tanınsalar da, şalvar da geyinsələr, yenə də qorunmağa ehtiyacları var.

- Sizə heç vaxt qadağa qoyulmayıb?

- Olub. Ailəli olanda. Anam da məni hər zaman qadağalar içərisində böyüdüb. İndi qadağa yox, məsləhət formasında nəsə deyə bilər. Amma əvvəl mənə əmr formasında deyirdilər ki, "bunu belə etmə!". İndi isə heç kim mənimlə belə danışmır. Kimsə mənə zor tətbiq edə bilməz. Onsuz da öz bildiyimi edən insanam.

- Ailə qurandan sonra müğənniliyə qadağa qoyuldu?

- Çox erkən - 18 yaşımda ailə qurmuşam. 19 yaşımda artıq övladım dünyaya gəlmişdi. 1995-ci il idi, test üsulu yeni tətbiq olunurdu. İncəsənət Universitetinə imtahan verdim, testdən keçdim, amma nişanlı olduğuma görə qabiliyyət imtahanına gedə bilmədim. Müğənni olmaq ağlıma da gəlməzdi. Dörd il ailəli oldum, sonra bəzi uyğunsuzluqlar oldu və ayrıldıq. Tibb məktəbinə qəbul oldum. Üç ilə yaxın təhsil aldım, bir il işlədim. Sonra Balaş artıq məşhurlaşdı və mənə bu sənətə gəlməyə kömək oldu. Əslində ailəmlə müğənniliyin heç bir əlaqəsi yox idi.

- Daha çox gənc yaşda ailə quran xanımların boşanmalarının şahidi oluruq. Sizcə, ailələrin uzun müddət davam etməməsinə səbəb budur?

- Məncə, bəli. İnsan yaşa dolduqca ağı qaradan seçir, bilir ki, nəyi demək olar, nəyi olmaz. Mən də həyatı dərk etmədiyim vaxtda ailə qurdum, gedib düşdüm əzab-əziyyətin içərisinə, qayınana-qayınata qayğısına qaldım. Həmin vaxt mən öz həyatımı qura, gəncliyimi yaşaya və nəhayət, seçimi düz edə bilərdim. Pis bir şey olanda qismətin üstünə atırıq. Amma peşman deyiləm, çünki övladım var. Gec ailə qurub boşananlar da az deyil. Bizim sənətdə də belələri var. Həyatda hər kəs birini tapa bilər, amma yarını tapmaq hər adama qismət olmur. Yəqin mən yarımı tapmamışdım. Tanıdığım psixoloqlardan biri mənə dedi ki, "Xatun, həyatda ərsizlik bədbəxtlik deyil, övladsızlıq bədbəxtlikdir". Ailənin xətrinə nələrəsə dözüb oturanlar var. Mən elələrinə baxanda Allahıma şükür edirəm. Amma ailə gözəldir. Bütün subay xanımlara ailə arzu edirəm.

- Hələ də yarınızı tapmamısınız?

- Mən artıq o qədər hissiyyatlıyam ki, qarşımdakı insanın nə deyəcəyini, fikirlərini oxuya bilirəm. İnsan tanınmış olanda da kaprizlər çoxalır. Artıq kiminsə mənə "dur bunu elə, onu elə", - deməsinə dözə bilmərəm. Hər zaman Ledi Qaqanın gözəl bir fikrini sitat gətirirəm: "Mən sevgimi qarşı tərəfdən çox öz sənətimə verirəm. Çünki sənətim mənə heç vaxt xəyanət etməyəcək, amma o insan mənə gec-tez xəyanət edəcək". Mənim dərdimdən ölən bir insan olsa da, mən sevgimi ancaq sənətimə və övladıma verərəm. Çünki onlar mənə xəyanət etməz. Artıq yar axtaran vaxtım da deyil. İnsanın köməyə, dayağa ehtiyacı olan vaxt olur. Mənim də çətinliklərim olub. Çox əziyyətlər çəkmişəm. O qədər əziyyətdən sonra bu gün tanınıb sevilməyim Allahın mükafatıdır. İndən sonra yarım olsa da olar, olmasa da. Əsas odur ki, mən rahat və yaxşı yaşayıram.

- Düşünürsünüz ki, indən sonra yaxşı həyat yoldaşı ola bilməzsiniz?

- Bilmirəm. Bu, qarşı tərəfdən də asılıdır. Artıq yaş da öz işini görür. İnsan rahat yaşamaq istəyir. İndiyədək oğlum yanımda bir başqa adam görməyib. İndi isə artıq böyüyüb. Belə yaşamağımız ikimizə də xoşdur. Bütün arzularım Adilin üzərində qurulub. Qoy oğlum o qədər güclü olsun ki, onun qanadının altına sığınım.

- Bəzən xanımlar tənha qadın statusundan qorxurlar...

- Hərdən məndən də soruşurlar ki, tənhalıqdan qorxursan? Xeyr! Həyat yoldaşları rəhmətə gedən və ömrü boyu dul yaşayan o qədər xanımlar var ki. Tənhalıq ərsizlik deyil, övladı, qardaşı, bacısı olmayan insanlar tənhadır. Övladı olan ana tənha qala bilməz. Amma övlada da bəzi məqamlarda güzəştə getmək lazımdır. İnsan gərək özünü tənha qalmağa qoymasın. Həyatda gərək güclü olasan. Güclü olmaq da çox çətindir. Sinəmə döymürəm. Həyatda heç kəs sığortalanmayıb. Əlbəttə ki, qocalıb kapriz etsən, hegemonluq etsən tənha qalarsan. Yaşa dolduqca bir az yumşaq, yola gedən olmalısan. Gərək insanları bezdirməyəsən.

- "Boşanmış qadın" qınağı ilə rastlaşmısınız?

- Əlbəttə. İndi boşananlara normal baxa bilirik. Deyirlər xasiyyətimiz tutmadı, içən idi, çəkən idi boşandıq. Əvvəl nəsildə-kökdə boşanana pis baxırdılar. Ona görə də yazıqlar dözüb otururdular. Mən elə ailələr tanıyıram ki, qıraqdan baxan üçün ər-arvaddırlar, lakin bir-biri ilə danışmırlar. Nəslimizdə həyat yoldaşından ayrılan ilk xanım mən olmuşam. Qohumlarım məni qınadılar. Hətta mən səhnəyə yeni çıxanda deyirdilər ki, "buna bax, getdi müğənni oldu". Amma indi toyları, məclisləri olanda mənimlə məsləhətləşirlər. Zəng edirlər ki, "Xatun, ürəyin nə istəyir bişirək?" Vaxt var idi ki, həmin insanlar məni toylarına qoymurdular. Ancaq əsas odur ki, mən özümü doğrultdum. Qaliblər müzakirə olunmur. Müəyyən çevrə üçün mən qalibəm. İndi onlar məni müzakirə edə bilmirlər. Əksinə, mənimlə fəxr edirlər. Heç vaxt da demirlər ki, mən pul gördüm özümdən razı oldum. Çünki ailəmiz və həyat yoldaşımın ailəsi imkanlı olub. Ona görə də qohumlarımdan heç kim deyə bilmir ki, indi mənim köməkçilərim, bahalı maşınım var, yaxşı geyinirəm, qızıl, brilliant taxıram. Bilirlər ki, mən görüb-götürmüş adamam.

- Gənc yaşda ya çılğın sevgi ilə ailə qururlar, ya da valideynlərinin istəyi ilə. Sizdə hansı oldu?

- Mən ailələrimizin istəyi ilə ailə qurdum. Keçmiş həyat yoldaşımı ilk dəfə nişan günümüzdə görmüşdüm. Şəklini görmüşdüm, amma görüşüb, söhbət etməmişdik. Etiraz da etmədim, xoşum gəldi. Yaxşı ailənin oğlu idi. Valideynlərimiz bir-birini tanıyırdı. Övladım istəmədiyim bir insandan dünyaya gəlməyib. Ona qarşı istəyim var idi, biganə olmamışam. Uşaqlıq hissləri idi, qanmırdım. Amma ona biganə olmamışam.

- Bəlkə dərin hisslərlə sevgi olsaydı, ailəniz davam edə bilərdi?

- Məncə, yox. Çox gənc idim, onların evində yüküm də çox ağır idi. Həm də Bakıdan Şüvəlana gəlin köçmüşdüm. Mühitim dəyişdi. Ona görə qala bilmədim. Öz ailəm üçün darıxdım. Bəlkə də hə, sevgi olsaydı, hər şeyə dözərdim. Amma bəzən bir-birini sevən insanların da ailəsi alınmır. Ola bilər sevgi olardı, amma mühit, şərait ona əl vermədi. O, oğlumun atasıdır. Onlara hər zaman görüşməyə icazə vermişəm. Çünki Adilin həyatındakı ata yerini heç kəs əvəz edə bilməz. Onun ata boşluğunu heç kəs doldura bilməz. Ondan heç vaxt heç nə ummamışam, kömək gözləməmişəm. Hər şeyi hər zaman özüm etməyə öyrəşmişəm. Həm də yanımızda Balaş olub. Balaş ailəmizin sonbeşiyi olsa da, hamımıza dəstək olub. İndi də oğluma dəstəkdir. Oğlumun atası ilə pis münasibətimiz yoxdur, çünki arada Adil var. Hər zaman çalışmışam ki, düşmənçilik olmasın. Adil kimi övladı bu yaşa gətirib çıxarmışam. Bundan sonra o, Adilin qəlbini qazanmalıdır.

- Barışmaq cəhdi olmadı?

- Heç birimiz bunu istəmirik. Amma o, ikinci dəfə ailə qurmayıb, övladı da yoxdur. Artıq 40-dan çox yaşı var. Heç vaxt onunla barışmaq istəməzdim. O da istəməz. Adil isə bizim işimizə qarışmır. Dava-dalaşla yaşamaqdansa, belə yaxşıdır.

- Oğlunuz haqqında çox az danışırsınız. Niyə?

- Efirə çıxmağı, onun haqqında informasiya getməyini sevmir. 18 yaşı var, Bakı Dövlət Universitetinə daxil olub. İlk dəfədir ki, sizin, yəni bir media işçisinin qarşısına çıxıb. İstərdim ki, Adilin bir bacısı olsun. Amma artıq gecdir. Bir azdan nənə olacam. Özü də cavan nənə. Mənim taylarım heç ərə getməyib (gülür). Qız həm bacı, həm qardaş, həm anadır. Adil çox qabiliyyətli, ağıllı, söz eşidəndir. İndiyədək heç kəsə qoşulmayıb. O, ali məktəbə hazırlaşan vaxt evdə interneti kəsdim. İki il gözünün nurunu tökdü, oxudu, ali məktəbə daxil oldu. Sağ olsun, mənə bu sevinci yaşatdı.

- Qayınana olmağa hazırsınız?

- Elə hazıram ki... (gülür) Oğlum üçün ayrı ev-eşik quracam. Amma mütləq nəzarət olacaq. Nənəsini çox istəyir. Ola bilər ki, nənəsi onlarla qalsın (gülür). Onun bütün iclaslarına nənəsi gedib. Bütün dostları da nənəni tanıyır. Nənəni də efirə çıxarmağa icazə vermir. Xınayaxdı, toylara gedəndə artıq qızlara qayınana kimi baxıram. Özüm nə qədər gənc görünsəm də, nə qədər şıltaq, ərköyün olsam da, istər-istəməz qayınana hisslərim yaranıb. Qəşəng qız görən kimi öz-özümə düşünürəm ki, görəsən, bu qız necə gəlin olar, oğluma ala bilərəmmi? Adilə tapşırmışam ki, hələlik heç bir qızı sevməsin. Çünki hələ evlənmək vaxtı deyil. Kiməsə ümid verməyini də istəmirəm. Ona qadınların xasiyyətini başa salmışam, demişəm ki, tez evlənsə, qısqanclıq hər ikisini bezdirəcək. Allah mənə yaxşı gəlin qismət etsin. İlk növbədə üzü gülər olsun. Gəlin mənə sifət edib, mısmırıq sallaya bilməz. Hətta nişanlı vaxtı mənə sifət etsə, nişanı qaytararam. Çox xarakterli insanam. Mən oğlumun evinə gedəndə çay, əl-üz dəsmallarına, hamam-tualetə baxacam. Bu qədər təmizkar adamam. İmanlı olsun, böyük kiçik yeri bilsin, yalançı olmasın. Allah məni bununla sınağa çəkməsin. İnanıram ki, Adillə bu mövzuda ortaq məxrəcə gələ bilərik.

- Bəs özünüz necə gəlin olmusunuz?

- Yaxşı gəlin olmuşam. Qayınanamın qulluğunda dururdum. Amma qədrimi bilmədilər.

- Yeri gəlmişkən, "Qaynana" mahnınız çox populyar oldu.

- Çox pozitiv mahnıdır və mənə düşərli oldu. Uşaqlıda deyirdim ki, böyüyəndə Afaq Bəşirqızı olacam. İlk dəfə məktəbə getdim, evə qayıdanda çantamı tulladım və dedim ki, belə oxumaq istəmirəm, mən Zeynəb Xanlarova kimi oxumaq istəyirəm. Bir müddət keçəndən sonra Afaq Bəşirqızının fanatı oldum. Onun bütün rollarını əzbər bilirdim, obrazlarından sitatlar gətirirdim. Özüm də kök idim, məni ona oxşadırdılar. Müəllimlərimi parodiya edirdim. Hamı deyirdi ki, aktrisa olacam. Vaxt gəldi, Afaq Bəşırqızı ilə tərəf müqabili oldum. Afaq xanımın baş rol ifa etdiyi "Qayınanamız" adlı serialın soundtrekini oxudum və mən də rol aldım. O boyda sənətkarın qarşısında rol ifa etmək çox sevindirici və həyəcanlı idi. Çox zövq aldım. Mən heç zaman inanmazdım ki, Afaq xanımla eyni səhnəni paylaşaram.

Milli.Az

"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO
"Mənə nəsə demək heç kimin həddi deyil" - FOTO