Hakim YAP-nın noyabrın 1-də keçiriləcək parlament seçkiləri üçün təqdim etdiyi siyahı gündəmdədir. Seçicilərdən başqa, bu siyahının açıqlanması bütün seçkidə iştirak edənlərin marağında olan bir məsələ idi. Hakim partiya 8 dairədən başqa bütün dairələr üzrə namizədlərini irəli sürüb.

Siyahının təhlili göstərir ki, ötən seçkidə deputat seçilmiş 18 namizədlə isə bu dəfə partiya yollarını ayırıb. Onlardan 3-ü dövlət vəzifəsinə təyin olunub, biri mandatından imtina edib, biri isə dünyasını dəyişib. İndi millət vəkili olan 13 nəfər YAP-çının namizədliyi qarşıdakı seçkilər üçün irəli sürülməyib. Beləliklə, Yeni Azərbaycan Partiyasının bu dəfəki siyahısında yer ala bilməyənlər kimlərdir?

ANS TV-nin məlumatına görə, siyahıda adı olmayan deputatlardan biri MM-in insan haqları komitəsinin sədri Rəbiyyət Aslanovadır. Xanım deputanın Oğlu Elnur Aslanovun adı Nurçu qalmaqalında hallanmışdı. Buna görə o, PA-da yüksək vəzifəsindən azad edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə göndərilmişdi.

Sabunçunun deputatı Hacı Qalib Salahzadənin də adı siyahıda yoxdur. Mətbuat bir müddət öncə deputatın evində axtarış aparılması və silah-sursat tapılması, hətta polisdə dindirilmsi xəbərəni yaymışdı.

Bir müddət əvvəl oğlunun Bakıda xuliqanlıq hərəkətləri etməsi, silahdan atəş açması ilə gündəmə düşən digr deputat Ayaz Orucov da adı yeni siyahıda yer almayıb.

YAP-ın seçki marafonunda olmayan Kürdəmirin deputatı Fərhad Qəribovun adı isə “Debut Bank” vasitəsilə dövlətin 2,96 milyon manatının mənimsənilməsi xəbərlərində hallanıb.

Deputat akademik Cəlal Əliyev də yeni siyahıda yoxdu.

Üç rektor deputat BDU rektoru Abel Məhərrəmov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev deputatlıqdan imtina edərək rektor kimi qalmağa üstünlük veriblər.

Tibb Universitenin rektoru Əhliman Əmiraslanov, Dillər Universitetinin rektoru Səməd Seyidov, Bədən tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev və Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı isə yenidən millət vəkili olmağa iddialıdırlar.

Dairə seçki komissiyalarına təqdim olunan ərizədə bu şəxslər göstəriblər ki, deputat seçilsələr rektorluqdan imtina edəcəklər.

Adı siyahıda olmayan bəzi partiya üzvləri mətbuata açıqlamalarında partiyanın məsləhətilə bu addım atıldığnı və müstəqil şəkildə namizədliklərini irəli sürmək fikirləri olmadıqlarını deyiblər.

Yazılanlara baxmayaraq hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov siyahıda adı olmayanların şəxsi istəkləri və üzrlü səbəblərdən yenidən namizəd olmayacaqlarını söylədi:

“Partiyanın namizədləri arasında qadınlar və gənclər üstünlük təşkil edir. Eyni zmanda dəfələrlə bəyan etmişdik ki, partiyanın siyahısında yeni namizədlər yer alacaq”.

YAP 8 dairədən namizəd irəli sürməyib.

Bu dairələrdən isə hazırki millət vəkilləri - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, BAXCP sədri Qüdrət Həsənquliyev, bitərəf xalq artisti Zeynəb Xanlarova, iqtidaryönlü partiyalardan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, millət vəkili Zahid Oruc, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımovadır.